Qeyri-rezident şəxslərə ödənilən məbləğdən ƏDV-ni əvəzləşdirmək mümkündürmü? | Banco.az

Qeyri-rezident şəxslərə ödənilən məbləğdən ƏDV-ni əvəzləşdirmək mümkündürmü?

Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Qanunvericiliyin tələbini izah edən mühasib Aytən Abdıyeva bildirib ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və Vergi Məcəlləsinin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır.

ƏDV qeydiyyatında olan vergi ödəyicisi qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ona ödənilməli olan məbləğə hesablanmış ƏDV-ni dövlət büdcəsinə ödədiyi halda Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq əvəzləşdirmək hüququna malik olur.

Belə ki, Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən sənəd elektron qaimə-fakturadır.

Eyni zamanda, qeyri-rezident şəxsə məxsus sosial şəbəkədə reklamın yerləşdirilməsinə görə aparılan ödənişdən Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur və ödəniş aparıldığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan verginin bəyannaməsi vergi orqanına təqdim edilir.

Misal: Azərbaycan Respublikasında nümayəndəliyi olmayan qeyri-rezident müəssisə ƏDV ödəyicisi olan rezident müəssisə olan "XX" MMC ilə müqavilə bağlayaraq mart ayında 3 000 dollar dəyərində məsləhət xidmətləri göstərib. Xidmətlərin göstərilməsi təhvil-təslim aktı ilə sənədləşdirilib. Vergi agenti olan "XX" MMC 3 000 dollar məbləği xarici şirkətin bank hesabına fevral ayında köçürüb.

Ən sərfəli kredit üçün müraciət et

Belə olduqda, ƏDV ödəyicisi olan agent şirkət aprel ayında 540 dollar məbləğinə Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun manat ekvivalenti məbləğində ƏDV hesablamalı və büdcəyə ödəməlidir:

3 000 * 18% = 540 dollar

Eyni zamanda, qeyri-rezidentin göstərdiyi xidmətlərə görə hesablanıb ödənilmiş ƏDV məbləğləri həmin xidmətlərin əsas məbləğinin qeyri-rezidentə ödənildiyi ayın, yəni, fevral ayının ƏDV bəyannaməsində əks etdirməklə əvəzləşdirilir.

Bundan başqa, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən, vergi agenti olan rezident müəssisə - "XX" MMC qeyri-rezidentə ödədiyi məbləğdən ödəmə mənbəyində 10 faiz gəlir vergisi tutaraq Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun manat ekvivalenti məbləğində büdcəyə ödəməlidir:

3 000 x 10% = 300 dollar.

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et