Qəbələ ilə Əbu-Dabi arasında birbaşa reyslər başlayıb | Banco.az

Qəbələ ilə Əbu-Dabi arasında birbaşa reyslər başlayıb

Qəbələ Beynəlxalq Hava Limanı Birləşmiş Ərəb Əmirliklərinin ultra aşağı büdcəli milli aviadaşıyıcısı “Wizz Air Abu Dhabi”nin Əbu-Dabi–Qəbələ marşrutu üzrə ilk birbaşa reysini qarşılayıb. Bu marşrut Qəbələni “WIZZ Air”in marşrut xəritəsində Bakıdan sonra Azərbaycanın ikinci təyinat nöqtəsinə çevirir və ölkənin regional aviasiya infrastrukturunun gücləndirilməsi baxımından əhəmiyyətli bir mərhələ sayılır.

Yeni marşrut Azərbaycanın şimal-qərb bölgəsini Yaxın Şərqin aparıcı aviasiya qovşaqlarından biri ilə birləşdirir və həm turizm, həm də biznes səfərləri üçün sərfəli və birbaşa səyahət imkanları yaradır. Reyslər həftədə üç dəfə — çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Bir istiqamət üzrə biletlərin qiyməti 24,99 ABŞ dollarından başlayır. Aviabiletləri artıq wizzair.com saytında və WIZZ mobil tətbiqində əldə etmək mümkündür.

    İlk reysin başlanması münasibətilə “Wizz Air Abu Dhabi” bu gün bron edilmiş bütün biletlərə 20%-ə qədər xüsusi endirim təklif edir.

    "Əbu-Dabi və Qəbələ arasında birbaşa uçuşların başlanması Azərbaycanın regionlarının beynəlxalq nəqliyyat və logistika dəhlizlərinə inteqrasiyası istiqamətində strateji əhəmiyyətə malikdir. Bu uçuş təkcə Qəbələnin qlobal aviasiya xəritəsindəki mövqeyini gücləndirmir, həm də ölkəmizin şimal-qərb regionunun turizm, investisiya və logistika potensialının artırılmasına xidmət edir. Bu marşrutu beynəlxalq hava nəqliyyatının inkişafına dair regional strategiyanın tərkib hissəsi, həmçinin Azərbaycanın Avrasiyanın mərkəzində yerləşən dinamik nəqliyyat qovşağı kimi mövqeyinin gücləndirilməsinə xidmət edən geniş miqyaslı inkişaf konsepsiyasının bir elementi kimi dəyərləndiririk,” — Teymur Həsənov, Azərbaycan Hava Limanlarının Əməliyyatlar üzrə Direktoru.

    “Bu gün biz WIZZ-in sərfəli səyahətlər xəritəsinə Qəbələni əlavə edərək bu istiqamətə reyslərə başladığımızı qeyd edirik,” — deyə “Wizz Air” şirkətinin kommersiya direktoru Tamara Vallois bildirib.
    “Birbaşa kommersiya reyslərinin işə düşməsi bölgədə turizmin və iqtisadi inkişafın sürətlənməsi üçün yeni imkanlar yaradır. “Wizz Air Abu Dhabi”nin sərfəli qiymətləri sayəsində Azərbaycanın şimal bölgələrinin sakinləri artıq Əbu-dabinin rəngarəng mədəniyyəti və zəngin irsini kəşf etmək üçün sürətli və rahat imkana malikdirlər. Eyni zamanda, Əbu-Dabidən gələn sərnişinlər bu bölgənin unikal mənzərələrindən və təbiət gözəlliklərindən ilboyu yararlana biləcəklər. Birbaşa hava əlaqəsini qeyd etmək məqsədilə biz bu günə xüsusi 20%-dək endirim təklif edirik. Şəbəkəmizi genişləndirməyə və sərfəli səyahət imkanları təqdim etməyə sadiq qalırıq, eyni zamanda Əbu-Dabinin unikal qlobal istiqamətlərə çıxış qapısı rolunu daha da gücləndiririk.”

    Yeni marşrut təkcə ölkələr arasında əlaqəni gücləndirmir, həm də mədəni mübadilə, ikitərəfli turizm, iqtisadi əlaqələr və tranzit imkanlarını təşviq edir.

    apa