Müəllif:Mehin Qasımova,Banco.az
Qazaxıstanın Baş naziri Oljas Bektenov 2026-cı ilin yanvar–iyun aylarında ölkənin sosial-iqtisadi inkişafının yekunları ilə bağlı Prezident Kasım-Jomart Tokayevə hesabat təqdim edib.
Banco.az xəbər verir ki, hökumət başçısının sözlərinə görə, hesabat dövründə ölkənin ümumi daxili məhsulu (ÜDM) 4,1% artıb.
Bektenov bildirib ki, iqtisadi artıma ən böyük töhfə istehsal sənayesindən gəlib. Bu sahədə artım 9,8% təşkil edib. Nəqliyyat sektorunda 7,1%, tikinti sahəsində isə 15,2% artım qeydə alınıb.
Bununla yanaşı, ticarət dövriyyəsi 5,7%, kənd təsərrüfatı 4,4%, rabitə xidmətləri isə 4,3% artıb.
Hesabata əsasən, əsas kapitala yatırılan investisiyaların həcmi 9,5 trilyon təngəyə çatıb. Özəl investisiyalar isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,4% artıb.
Qeyd edək ki, Qazaxıstan iqtisadiyyatı 2026-cı ilin ilk beş ayında 3,7% böyüyüb. Beləliklə, ilin ilk yarısının yekununda iqtisadi artım tempi 4,1%-ə yüksəlib.
Xatırladaq ki, Qazaxıstanın ÜDM-i 2025-ci ildə 6,5% artıb. Hökumət 2026-cı ildə də iqtisadi artım tempinin 5%-dən yuxarı səviyyədə saxlanılmasını hədəfləyir.
