“Qara cümə” günü Amerikada “Şükranlıq” bayramından sonrakı ilk cümə günüdür. Bu il “Qara cümə” 27 noyabra təsadüf edir. Bu gündə iri ticarət mərkəzləri malları 50, hətta, 80 faiz endirimlə satır. Bu isə, ticarət mərkəzləri qarşısında izdihamlara səbəb olur. 2000-ci illərin əvvəllərindən bu gün Yeni il alış-veriş mövsümünün açılışı kimi də dəyərləndirilir.
"Banco.az"ın məlumatına görə, “Qara cümə” rəsmi bayram günü hesab olunmur. Lakin Kaliforniya və bir neçə digər ştatda, rəsmi qaydada bəzi hökumət işlərində, həmçinin məktəblərin bir neçəsində qeyri-iş günü elan olunub.
Qara Cümə artıq ölkəmizdə də xüsusi gün hesab olunmaqdadır. Belə ki, bir çox mağazalar həmin gündə endirim kampaniyalarına başlayırlar.
“Qara cümə” gününün qaynaqlandığı məkan Filadelfiya hesab olunur. Həmin gün şəhərin küçələrində böyük izdiham müşahidə olunurdu. Bu ifadənin ilk dəfə 1961-ci ildə istifadə olunduğu güman olunur. 1975-ci ildən etibarən isə “Qara cümə” Filadelfiyanın hüdudlarını aşır.
"Qara Cümə" günündə ticarət mərkəzləri malların aşağı qiyməti satılmasından gəlir itirsə də, alıcının çoxluğu bu itkini kompensasiya edə bilir.
ABŞ-dan əlavə bu gün Böyük Britaniya və Kanadada da mövcuddur. Həmçinin onlayn alış-veriş şirkəti olan Amazonda da həmin gün endirimlər tətbiq olunur.
Əvvəllər mağaza və ticarət mərkəzləri saat 6:00-dan etibarən açılırdı. Lakin müştəri çoxluğunu nəzərə alan satıcılar artıq mağazaları gecə saatlarından açmağa başladılar. Bu səbəbdən hətta bəzi alıcılar 1 gün əvvəldən mağazaların önündə çadırlar qururlar. Insanlar mallar üzərində sözün əsl mənasında əsl ölüm-dirim mübarizəsi aparır. Bu səbədən hər il "Qara Cümə" günündə xəsarət alanların sayı artmaqda davam edir.
Aşağıdakı video-rolikdə həmin gündə baş vermiş ən dəhşətli görüntüləri izləyə bilərsiniz.