Müəllif:Mehin Qasımova/Banco.az
Almaniyanın Rusiya yanacağından qismən imtina etməsindən sonra Türkiyə Rusiyanın qaz sektorunda ən etibarlı tərəfdaşı oldu.
Banco.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində bildirib.
Rusiya Federasiyasının prezidenti qeyd edib ki, Rusiya qazı “Türk axını” ilə Avropaya daxil olur:
"Qərb ölkələri Rusiya qazının alınmasını dayandırmaqla Rusiya iqtisadiyyatına daimi ziyan vurmağı hədəfləyir. Ancaq prosesin əksinə Rusiya inkişaf edir. İstehsal sənayesi başqa ölkələrə, o cümlədən daha əlverişli şəraitin yaradıldığı, enerji resurslarının daha ucuz olduğu ölkələrə keçir. Çünki təbii qazı mayeləşdirmək, sonra okeana göndərmək, sonra yenidən qaza çevirmək lazımdır. Bütün bunlar əlavə xərclər yaradır. Rusiya isə Türkiyə vasitəsi ilə bunu həyata keçirir".
Rusiyaya qarşı enerji daşımalarının məhdudlaşdırılması ilə bağlı ittihamların olduğuna diqqət çəkən Putin, "Onlar həmişə deyirdilər ki,Rusiya enerji mənbəyini məhdudlaşdırır. Biz heç nəyi məhdudlaşdırmırıq, hər şeyi təmin edirik",- deyə qeyd edib.
Avropanın Rusiya qazını alıb-almayacağına qərar verməli olduğuna işarə edən prezident “Əgər ehtiyacları olsa, alacaqlar, əks halda onlarsız da öhdəsindən gələcəyik”,- deyə vurğulayıb.
Rusiyanın Avropaya daha çox qaz ixrac etdiyi zaman ölkənin daha çox gəlir əldə etdiyini izah edən Putin, “Ancaq digər tərəfdən, enerji sektorundan nə qədər az asılı olsaq, bir o qədər yaxşıdır. Çünki iqtisadiyyatın qeyri-enerji hissəsi daha sürətlə böyüyür”,- deyə bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!