Problemli kreditlərin həlli yolları | Banco.az

Problemli kreditlərin həlli yolları

Həmçinin bax: Bir neçə bankda problemli krediti olanlara kompensasiya necə hesablanacaq?

Həmçinin bax: Problemli kredit məlumatlarının sorğulanması portalı yaradıldı

 

Azcoll kollektor şirkətinin direktoru Pərviz Məmmədovla müsahibə

- Mərkəzi Bankın son açıqlamalarına görə banklarda olan problemli kreditlərin həcmi 1 mlrd. manata yaxındır. Sizcə problemli kreditlərin artma səbəbləri nədir? Hansı həll yollarını təklif edərdiz?

- Problemli kreditlərin artma səbəbləri (gecikməyə düşən kreditlərin təqib işini aparan şəxslərin peşəkarlıq səviyyəsi, istehlak kreditlərinin cəlbedici reklamları, sahibkarların müflisləşməsi və s.) müxtəlif ola bilər. Mərkəzi Bank tərəfindən görülən son inzibati tədbirlərə baxsaq, bu inzibati tədbirlərin daha çox hissəsinin istehlak kreditlərinin məhdudlaşdırılmasına yönəldiyini görərik. Burdan belə qənaətə gəlmək olar ki, əsas səbəb odur ki, vətəndaşlar ödəmə qabiliyyətindən artıq borc yükünün altına girir və nəticədə ödəməmə problemi yaranır. Həll yolu: həm kreditlərin verilməsi prosesində daha ciddi tələblərin qoyulması, həm də krediti gecikdirən borclulara qarşı qanunvericiliyin sərtləşdirilməsidir.

- Borcunu ödəməkdən yayınan hüquqi və fiziki şəxslərə qarşı nəzərdə tutulan cəza və məhdudiyyətlər yetərlidirmi?

- Yetərli olduğunu düşünmürəm. Hazırda bizdə kollektorların fəaliyyətini tənzimləyən qanun yoxdur. Bu sahədə ümumiyyətlə, qanunvericilik çox məhduddur. Bir çox xarici ölkələrin təcrübəsinə baxsaq bu sahədə qanunvericilik aktları, etik kodekslər mövcuddur. Bir çox dövlətlərdə hətta vətəndaş banka olan borcunu ödəmirsə, onun telefonuna yüklədiyi konturla, elektrik enerjisinə təbii qaza ödədiyi kommunal xərclər birinci onun banklara olan borcuna silinir. Ondan artıq qalan məbləğ onun kommunal borclarına yönəldilir. Bu məsələlər bizdə hazırda qanunvericilikdə tənzimlənmir.

Borclu vətəndaşların ölkədən çıxmasına qadağa qoyulması, bundan əlavə onların əmlakı üzərində həbs qoyulması, əmək haqqına tutumların yönəldilməsi kifayət qədər geniş olsa da yenə də borcların tam ödənilməsinə gətirib çıxarmır. Məhkəmələr əksər hallarda 1000 manatdan aşağı borclara görə ölkədən çıxmağa məhdudiyyətlər qoymaqdan imtina edirlər. Mənim mövqeyim odur ki, vətəndaş könüllü icra müddətində, yəni qətnamə icraya yönəldikdən sonra 10 gün ərzində borcunu ödəmirsə, avtomatik onun ölkəyə gediş-gəlişinə məhdudiyyət qoyulmalıdır.  

Ən sərfəli kredit üçün müraciət et

 - Ən çox hansı kreditlərin yığılmasında problemlər yaranır? Avtomobil, daşınmaz əmlakla bağlı kreditlərin yığılmasında problemlər yaranırmı? Bu problemlər özünü hansı şəkildə göstərir?

- Daşınmaz əmlak və ümumiyyətlə, təminatlı kredit növlərinin təminatı olduğuna görə, onun yığılmasında problemlər çox deyil. İstənilən halda, daşınmaz əmlakı hərraca çıxarıb, kreditin ödənilməsinə nail olmaq olar. Əsas problemlər, təminatsız kreditlər ilə bağlı yaranır, hansı ki, bu kreditlərin heç bir təminatı yoxdur.Təminatsız kreditləri alan şəxslər arasında ən çətin ödəniş edən qrup 18-25 yaş arasında, əmlakı olmayan vətəndaşlardır. Məlumdur ki, onların istifadə etdiyi əmlak da ailəsinə məxsus olur. Bu kateqoriyalı şəxsləri kreditlərin ödənilməsinə yönləndirmək olmur, problemlər bu qrup borclularda daha çox özünü göstərir.

- Dövlət tərəfindən aparılan reyestrlərə bankların giriş icazəsinin olması problemli borcların yaranmasının qarşısını almaqda faydalı ola bilərmi?

- Kredit risklərinin azaldılmasında köməyi ola bilər, amma nəzərə almaq lazımdır ki, bu halda banklar vətəndaşlar haqqında çox geniş məlumat əldə etmiş olurlar ki, bu da onların konstitusion hüquqlarının pozulmasına gətirib çıxara bilər. Bunu müəyyən limitlər çərçivəsində tənzimləmək lazımdır.

- Pərviz bəy, sizcə banklar problemli aktivlərinin satılması yolu ilə problemli portfel həcmini azaltmağa nail ola bilərlərmi?

- Əlbəttə, bu, dünya parktikasında geniş yayılıb. Çox təəssüf ki, Azərbaycanda bu sahədə fəaliyyət göstərən ictimai təşkilatlar, peşəkar assosiasiyalar yoxdur. Hansı ki, onlar bazarı araşdıraraq müxtəlif yollarla portfellərin satışını stimullaşdıra bilərlər, banklara portfeli satmağın faydalı tərəflərini göstərə bilərlər. Biz Rusiyada fəaliyyət göstərən peşəkar təşkilatlarla təcrübə mübadiləsi aparırıq və onlarda satılan portfel həcmləri milyardlarla dollar təşkil edir. Bununla onlar borcunu qaytarmayanları təqib edir, ondan mənfəət əldə edirlər. Banklar isə kredit portfellərinin problemli hissəsindən azad olurlar. Düşünürəm ki, bu formada banklar kredit portfelini daha rahat idarə edə bilərlər.

oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et