Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə Fərman imzalayıb.
Fərmana əsasən kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla), habelə Əmanətlərin Sığortalanması Fondunun ləğvedici kimi təyin edildiyi ləğvetmə prosesində olan banklarla fiziki şəxslər arasında bağlanmış müqaviləyə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.
Prezident İlham Əliyevin Fərmanını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, dövlət dəstəyini müəyyən etmək üçün 2015-ci il fevralın 21-i və dekabrın 21-i tarixləri, başqa sözlə, məzənnə dəyişdiyi tarixlər əsas götürülüb: “2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) və 2015-ci il fevralın 22-dən həmin ilin dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirmə olacaq. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına hər iki qayda tətbiq olunur.”
V.Qasımlı bildirib ki, ödəniş ilk növbədə fiziki şəxslərin kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək: “Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox ola bilməz.” V.Qasımlı qeyd edib ki, Prezident Fərmanının sosial əhəmiyyəti kifayət qədər yüksəkdir: “Belə ki, Fərmanın əhatə dairəsinə 800 min nəfərdən çox insan düşür. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan artıq vəsait ödəniləcək.”
V.Qasımlının sözlərinə görə Fərman həm də bank sektorunun maraqlarını nəzərə alıb: “10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək əsas kredit borcu olan fiziki şəxslərin gecikmədə olan borcları uzunmüddətli və aşağı faizli kreditlərlə əvəzlənəcək və restrukturizasiya olunacaq. Bunun üçün banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit veriləcək. Eyni zamanda bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin olunacaq.” Vüsal Qasımlı bildirib ki, Azərbaycan digər post-sovet ölkələrinə nisbətən problemli kreditlərin həllində daha sistemli və əhatəli yanaşmanı ortaya qoyub, həmçinin əhalinin maraqlarını daha yüksək səviyyədə nəzərə alıb: “Problemli kreditlərin həlli Prezident İlham Əliyevin apardığı sosial xarakterli islahatların tərkib hissəsidir. 2019-cu il Azərbaycanda sosial rifah ilidir.”