Prezidentdən vergi ilə bağlı - YENİ FƏRMAN | Banco.az

Prezidentdən vergi ilə bağlı - YENİ FƏRMAN

Vergilər Nazirliyinə kommersiya və vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin yeni siyahısını hazırlamaq tapşırılıb. Bu, Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 12-də imzaladığı “Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların əldə edilməsinin xüsusi rejiminin müəyyən olunması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanında əksini tapıb.

Vergilər Nazirliyi kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısını iki ay müddətində təsdiq edib, həmin normativ hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan prezidentinə məlumat verməlidir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 30.4. maddəsinə əsasən, vergi orqanına daxil olmuş və kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların qorunmasının və əldə edilməsinin xüsusi rejimi var. Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən siyahı üzrə vəzifəli şəxslər əldə edə bilər.

Azərbaycan prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli fərmanına əsasən, kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısını təsdiq etmək sahəsində səlahiyyət Azərbaycan prezidentinə məxsus olub. Azərbaycan prezidenti də 2016-cı il 4 oktyabr tarixli fərmanı ilə kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısını təsdiq edib.

Siyahıda vergilər naziri, vergilər nazirinin birinci müavini, vergilər nazirinin müavinləri, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru, Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru, Vergilər Nazirliyinin Hüquq departamentinin baş direktoru, Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru, Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru, Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru, Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru, Vergilər Nazirliyinin Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru, Vergilər Nazirliyi yanında departamentlərin və ərazi vergilər departamentlərinin baş direktorları, Vergilər Nazirliyinin ərazi vergilər idarələrinin və rayon vergilər şöbələrinin baş direktorları və Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi yer alıb.

Yeni fərmana əsasən isə məhz Vergilər Nazirliyi iki ay ərzində kommersiya və vergi sirri təşkil edən məlumatları əldə edə bilən vəzifəli şəxslərin yeni siyahısını hazırlayaraq təsdiq edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et