"Həm vergi, həm də gömrük sahələrində artıq yeni yanaşma mövcuddur. Yeni icraçılar vəzifəyə gətirildi, rəhbərlikdə dəyişikliklər edildi və hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyan bu qurumlar indi çox yaxşı işləyir, şəffaflıq, dürüstlük təmin edilir. Korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır və aparılacaqdır. Bu işlərdə əli olan adamlar məsuliyyətə cəlb olunur, vəzifədən kənarlaşdırılır. Yəni, tam sağlamlaşdırma prosesi gedir və artıq keçən ilin timsalında biz gözəl nəticələri görə bilmişik".
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun niqtində belə deyib. Vergi sahəsində də çox dərin islahatlar aparıldığını deyən ölkə başçısı vurğulayıb ki, vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir: "Çünki əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü. Vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir çox xoşagəlməz əməllər müşahidə olunurdu. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu".
Dövlət başçısı ötən ilin təcrübəsinə əsaslanaraq bildirib ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir: "Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik. Bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır. Bu sahələrdə işləyən insanlara da xəbərdarlıq edildi ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar".
Elxan SALAHOV