Postneft erasında kənd təsərrüfatı ixracın vacib mənbələrindən birinə çevrilməlidir | Banco.az

Postneft erasında kənd təsərrüfatı ixracın vacib mənbələrindən birinə çevrilməlidir

Son dövrlərdə kənd təsərrüfatı sahəsində uçotun təşkili, həyata keçirilən islahatlarla bağlı suallarımızı Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli cavablandırıb. 

- Əli müəllim, ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün mövcud şərtləri necə səciyyələndirmək olar?

- Azərbaycanda kənd təsərrüfatını geniş miqyasda inkişaf etdirməkdən ötrü yaxşı şərait var. Son illər bu sahədə görülən işlərin miqyası xeyli genişlənib, istehsal, xüsusən də bitkiçilik məhsulları, eləcə də ixrac kifayət qədər yüksək templərlə artır. Kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası genişlənir. 2018-ci ildə 560 milyon dollar məbləğində kənd təsərrüfatı məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin göstəricisindən 40 faiz çox, 2017-ci ilin göstəricisi ilə isə təqribən eynidir. Bununla belə, hələlik ölkəmizdə kənd təsərrüfatı məhsullarının ixracı ümumi ixracımızın 2017-ci ildə cəmi 3 faizə yaxınını təşkil edib ki, bu da mövcud potensialdan qat-qat aşağıdır. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və ixrac potensialı çoxşaxəlidir. Ona görə də kənd təsərrüfatının yeni əsaslar üzərində qurulması, həmin potensialdan istifadənin səmərəliliyinin və yerli tələbatın ödənilməsində rolunun artırılması, əhalinin bu sahənin məhsulları ilə təminatının yaxşılaşdırılması, eləcə də kənd təsərrüfatının neftdən sonra ixracımızın vacib sahələrindən birinə çevrilməsi günün tələbindən doğan zərurətə çevrilib.

Son illər kənd təsərrüfatı sahəsində görülən işlərin miqyası xeyli genişlənib, istehsal,
xüsusən də bitkiçilik məhsulları, eləcə də ixrac kifayət qədər yüksək templərlə artır

- Son illər qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi üçün görülən işlərin aqrar sektora təsiri necədir?

- Ərazisi bizdən iki dəfə kiçik olan Hollandiya innovasion əsaslarda qurduğu kənd təsərrüfatı üzrə ildə 102-103 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edir ki, bu da Azərbaycanın 2018-ci ildə neft-qaz ixracının göstəricisindən 6 dəfə çoxdur. Təbii ki, biz aqrar sahənin ixracını 102-103 milyard dollara çatdıra bilmərik, amma bu qədər potensialımız müqabilində 560 milyon dollar səviyyəsindən heç olmasa 2-3 milyard dollara çatdırmaq imkanlarımız daxilindədir və bu həm də çox vacib bir vəzifəmizdir. Bundan ötrü "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə öz əksini tapmış tədbir və məqamları da nəzərə almaqla Azərbaycanda güclü aqrar-sənaye komplekslərinin yaradılması üzrə konkret mərhələlərə, istiqamət və sahələrə bölünmüş uzunmüddətli strategiyanın və xüsusi dövlət proqramının, o cümlədən onun ayrı-ayrı komponentlərinin inkişafının sürətləndirilməsinə yönəlik stimullaşdırıcı proqramlar və tədbirlər paketi hazırlayıb, optimal müddətdə həyata keçirilməsi təmin edilməlidir ki, həm yerli tələbatı yüksək səviyyədə təmin edə bilək, həm də xaricə ilk mərhələdə 2-3 milyard dollarlıq, sonradan daha çox kənd təsərrüfatı məhsulu çıxara bilək.

Kənd təsərrüfatına qoyulan vəsaitlərin qarşılığını almaq üçün özümüzün, həm də
beynəlxalq qabaqcıl təcrübədən yaradıcılıqla bəhrələnərək islahatları dərinləşdirməliyik

Bütün dünyada olduğu kimi, bizdə də kənd təsərrüfatına dövlət dəstəyi göstərilir. Bu sahəyə qoyulan vəsaitlərin qarşılığını almaq üçün özümüzün, həm də beynəlxalq qabaqcıl təcrübədən yaradıcılıqla bəhrələnərək islahatları dərinləşdirməliyik. Dövlət kənd təsərrüfatına münasibətdə özəl sektorun sərmayə qoymağa həvəs göstərmədiyi sahələrə sərmayə qoyub suvarma sistemini yaxşılaşdırmağa diqqəti artırmalı, torpaqların şoranlaşmasına, erroziyasına və s. qarşı tədbirlər istiqamətində zəruri işlərə kömək etməlidir. Bununla yanaşı, daha çox dəstək verilən taxıl, pambıq, barama və sair üzrə kənd təsərrüfatı məhsulları ilə bağlı monitorinq keçirib, istifadə olunan vəsaitin səmərəlilik dərəcəsi öyrənilməlidir. Əldə edilən müsbət nəticələr və çatışmazlıqlar obyektiv araşdırılmalı və ağırlıq mərkəzi özəl təşəbbüsün üzərinə keçirilməklə iri, orta və xırda fermer təsərrüfatlarının fəaliyyətinin effektiv kombinasiyasına nail olunmalıdır.

Ən sərfəli kredit üçün müraciət et

- Kənd təsərrüfatına dövlət dəstəyi bu sahənin perspektivlərinə necə təsir göstərir?

- Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatının inkişafına dövlət tərəfindən bilavasitə və ya vergi, gömrük rüsumları və pul-kredit siyasəti hesabına dolayı subsidiyalar həyata keçirilməsi yolu ilə dəstək verilir. Azərbaycanda 11 ildən çoxdur ki, geniş subsidiyalaşma sistemi tətbiq olunur. Dövlət vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən subsidiyanın ümumi məbləği 2018-ci ilin əvvəlində 1 milyard manat ətrafında olub, indi daha çoxdur. Özəl təşəbbüsə geniş meydan verməklə bu istiqamətdə əldə olunan müsbət təcrübə ilə yanaşı, subsidiya sisteminin və mexanizminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində başlanılan yeniliklərin sistemli və səmərəli şəkildə görülməsinə ehtiyac var.

Azərbaycanda kənd təsərrüfatının inkişafına dövlət tərəfindən bilavasitə
və ya vergi, gömrük rüsumları və pul-kredit siyasəti hesabına
dolayı subsidiyalar həyata keçirilməsi yolu ilə dəstək verilir

- Həyata keçirilməsini zəruri hesab etdiyiniz təkliflər varmı?

- Beynəlxalq praktikadan məlum olan dövlətin müəyyən məhsul növləri üzrə alıcı qismində çıxış etməsi mexanizminin tətbiqinin genişləndirilməsini vacib hesab edirik. Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzv olacağı təqdirdə, aqrar subsidiyalarla bağlı məhdudlaşdırıcı tədbirlərə öncədən hazır olmalıyıq. Bundan ötrü, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində kənd təsərrüfatına dəstək siyasəti ilə bağlı subsidiyalaşmanın digər maliyyə mənbələri ilə əvəzlənməsi prioritet götürülmüşdür. Bu sənəddə ağırlıq özəl maliyyə mənbələrinə daha səmərəli çıxış üzərində qurulmuşdur. Bununla belə, hesab edirik ki, ölkəmizin DTT-yə üzv olacağı təqdirdə qabaqlayıcı tədbir kimi indidən DTT-nin "yaşıl zənbil" prinsipinə üstünlük verməklə ekoloji cəhətdən təmiz məhsul istehsalınn genişləndirilməsinə xüsusi diqqət verilməlidir. Çünki həmin variantda subsidiyalarla bağlı məhdudlaşdırıcı tədbirlərə ehtiyac qalmır.

İqtisadiyyatımızın neftdən asılılığını zəiflətməkdən ötrü kənd təsərrüfatını yeganə sektor kimi götürmək olmaz. Qeyri-neft sektorunun digər sahələrinin inkişafına da nail olmaq lazımdır.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et