Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinin bütün xidmətləri Azərpoçtun şöbə və filiallarında toplanacaq.
Bunu "Bakutel 2016" sərgisinin açılışına həsr olunmuş konfrans zamanı Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Nazir müavininin sözlərinə görə, pilot layihə artıq Azərpoçtun mərkəzi şöbəsində işə salınıb, yaxın zamanlarda Bakıda və Azərbaycanın digər rayonlarındakı filialları əhatə edəcək.
E.Vəlizadə deyib: “Bu prinsip üzrə xidmətlərin mərkəzləşdirilməsi vətəndaşları maraqlandıran məsələlər, internet, telefoniya kimi mövzularla bağlı poçt şöbələrinə müraciət etməsinə imkan verəcək”.
Nazir müavini onu da qeyd edib ki, yaxın zamanlarda ölkədə iri DATA-mərkəzi işə salınacaq. Bu məlumat mərkəzinin resursları həm dövlət strukturları, həm də özəl şirkətlər tərəfindən istifadə oluna biləcək.
Mənbə: Trend.az