Azərbaycanın poçt operatoru olan "Azərpoçt" MMC mikrokreditləşmə sahəsində xidmətlər təklif etməyi planlaşdırır.
Verilən məlumata görə, poçt operatoru mikrokreditləşmə sahəsində xidmət göstərmək üçün lisenziya almaq məqsədilə Azərbaycanın Mərkəzi Bankına müraciət edəcək.
Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, "Azərpoçt" bankların vasitəçiliyi ilə və bank lisenziyası olmadan mikrokreditlərin verilməsi prosesinə başlamağa hazırdır. Adı çəkilən sahədə heç bir bank poçt operatorunun geniş filial şəbəkəsi ilə rəqabət aparmaq imkanında deyil. Bu isə öz növbəsində Azərbaycanın digər rayonlarında iqtisadi aktivliyin artmasına səbəb olacaq.
Hal-hazırda Azərbaycan Mərkəzi Bankından verilən lisenziya əsasında poçt xidmətinin təxminən 1000 şöbəsinə bütün bank xidmətlərinin (kreditlərin verilməsi və depozitlərin cəlb edilməsi istisna olmaqla) göstərilməsi imkanı verilmişdir.
Poçt operatoru vasitəsilə bank xidmətləri avtomatlaşdırılmış korporativ-informasiya sistemi vasitəsilə həyata keçirilir.
“Azərpoçt” MMC bank bazarına daxil olmaqla burada güclü və sağlam rəqabətin meydana gəlməsinə şərait yaradacaq. Bu gün Azərbaycanın bank bazarında 43 bank fəaliyyət göstərir. Bankların filiallarının ümumi sayı 700-ə çatır. “Azərpoçt”un poçt şöbələrinin sayı isə 1600 təşkil edir.
Sevinc İbadova/Banco.az