Bankların təklif etdiyi MasterCard və Visa kartları vasitəsi ilə həm ölkəmizdə, həm də xaricdə pul ödəmələrini həyata keçirmək mümkündür. Buna həmçinin onlayn alış-veriş və ya digər ödəmələr daxildir. Biz kart alarkən ilkin mədaxil olaraq hesabımıza vəsait yatırıq, əgər bu vəsait AZN valyutasında hesabımızda yerləşirsə və biz USD valyutasında ödəmə həyata keçirmək istəyiriksə bu mümkün olacaqmı? Həmçinin bunun üçün müəyyən haqq çıxılırmı?
Onu da qeyd edək ki, plastik karta xarici valyutada daxil olan vəsait bank tərəfindən AZN valyutasında hesaba yatırılır.
Banco.az olaraq kartlarla bu cür əməliyyatlara icazə verən bankları araşdırdıq və hər birinin nə qədər komissiya tutduğunu müəyyən etdik:
Bank Respublika. Kartın valyutasından fərqli valyutada əməliyyat keçirildiyi zaman mübadiləyə görə 0.5% komissiya mövcuddur və mübadilə Mərkəzi Bankın valyuta kursu ilə həyata keçirilir.
Bank of Baku. Bank of Baku-ya məxsus AZN valyutalı kartla USD valyutalı ödəniş edirsinizsə Mərkəzi Bankın kursu ilə konvertasiya edilir və 2% komissiya tutulur.
Rabitəbank. Online ödənişlərdə konvertasiya haqqı 0.5% təşkil edir və əməliyyat Mərkəzi Bankın kursu ilə aparılır.
Əməliyyat aparıldıqdan sonra 33 gün ərzində silinir. Bu zaman kəsiyində məzənnə kəskin dəyişə bilər, ona görə də hər ehtimala qarşı 0.5%-dən əlavə 3% də tutulur. Əgər məzənnə dəyişməzsə və ya fərq böyük olmazsa, artıq tutulan məbləğ geri qaytarılır.
Unibank. AZN valyutasında olan kartla USD valyutasında ödəmə edilən zaman manat dollara konvertasiya olunur, konvertasiya Mərkəzi bankın cari gününün məzənnəsinə əsasən həyata keçirilir ki, bu zaman 0,5% haqq tutulur.
Bank Standard. Bank Standardın plastik kartlarında isə konvertasiya haqqı 1%təşkil edir və cari kurs ilə hesablanır.
Kapital Bank. Bu bankın təklif etdiyi plastik kartlarla ödəniş zamanı valyutaların konvertasiyası haqqı isə 0.5%-dir.
Expessbank. Ekspress bank kartlarında isə konvertasiya əməliyyatı üçün 2% komission haqq tutulur və günün məzənnəsinə uyğun həyata keçirilir.
Nikoil Bank. AZN valyutasında olan kartla xarici valyutada, əsasən USD valyutasında ödəniş edilən zaman 0.5% haqq tutulur və cari kurs ilə hesablanır.
Eyni zamanda, kartda olan xarici valyutadan manatla ödəniş edilən zaman da banklar tərəfindən bu faizlər çıxılır.
Qeyd edək ki, məlumat banklarla əlaqə saxlanılaraq toplanmışdır.