Plastik kartlar hansı əlamətlərə görə və necə təsnifatlaşdırılır? | Banco.az

Plastik kartlar hansı əlamətlərə görə və necə təsnifatlaşdırılır?

Banklar tərəfindən müştərilərə təqdim olunan plastik kartlar müxtəlif əlamətlərə görə təsnifatlaşdırılır.

İlk əlamət - plastik kartların hesablaşma formaları üzrə bölgüsüdür.

Debet kartlar: Bu kart öz sahibinə yalnız hesaba yatırdığı məbləğ çərçivəsində vəsaitlərdən istifadə etmək imkanı verir.

Kredit kartlar: Kart sahibi əvvəlcədən razılaşdırılmış müəyyən şərtlər daxilində bankın pulundan istifadə edir.

Overdraft plastik kartları: Kart sahibi öz maddi vəsaitləri kifayət etmədiyi təqdirdə, müəyyən məbləğdə bankın pulundan istifadə edə bilər. Əksər hallarda, sözügedən kartlar əmək haqqı layihələri ilə rəsmiləşdirilir. Qaytarılacaq vəsaitin məbləği isə adətən kart sahibinin aylıq qazancından yüksək olmur.

Virtual kartlar: Sözügedən kartlar yalnız internet şəbəkəsində istifadə üçün nəzərdə tutulur. Bu kartlardan bir qayda olaraq, internet-mağazalarda ödəniş edilməsi məqsədilə istifadə olunur.

Əvvəlcədən ödənilmiş kartlar bank müştəriləri arasında xüsusi populyarlıqla istifadə edilir. Bu kart müəyyən bir hesaba və ya şəxsə aid deyil. Adətən, hədiyyə kimi istifadə olunur. Kartlar müxtəlif nominallarda buraxılır və yalnız həmin məbləğin istifadəsinə icazə verilir.

Bununla yanaşı, plastik kartlar funksiyalarına görə də bir-birindən fərqlənir.

Klassik kartlar: Bu kartların kifayət qədər ucuz olması onları çoxsaylı vətəndaşlar üçün əlçatan edir.

Ən sərfəli kredit üçün müraciət et

Qızıl kartlar: Bu kartlardan istifadə zamanı daha bahalı xidmətlər onlardan istifadə müqabilində müştərilərə təqdim olunan imtiyazlar ilə kompensasiya olunur. İstifadə müddətində endirimlərin, müxtəlif aksiyalarda iştirakın, dünyanın istənilən ölkəsində əlavə imkanların və üstünlüklərin təklif edilməsi ilə kart sahibi özünü daha sərbəst və şanslı hiss edir.

Bəzi banklarda isə sırf VİP müştərilər üçün nəzərdə tutulmuş və çoxsaylı imtiyazlarla müşayiət olunan kartlar təqdim olunur. Kart sahibi 24 saat ərzində fərdi bank məsləhətçisi xidmətindən, eksklüziv xidmətlərdən və təcili hallarda xüsusi xidmətlərdən istifadə edə bilər.

Plastik kartlar, eyni zamanda, tətbiqetmə xarakterinə görə də fərqləndirilir.

Korporativ kartlar - hüquqi şəxslər üçün nəzərdə tutulan və rəsmiləşdirilən kartlardır. Onun əsasında təşkilatın məsuliyyəti çərçivəsində müəyyən şəxslərə ayrıca kartlar təqdim olunur.

Ailələrə məxsus plastik kartlar - bir nəfər tərəfindən rəsmiləşdirilir. Daha sonra isə müqavilədə imzası olan bütün ailə üzvlərinə plastik kart təqdim olunur.

İndividual kartlar - bankın hər bir müştərisinə təqdim edilən kartlardır.

Əslində, kartların hər biri əlverişli şəkildə tətbiq oluna bilər. Bunu isə yalnızca kart sahibi müəyyən edir.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et