"Petrona" 7 milyard dollarlıq Kanada şirkətini satmağı düşünür | Banco.az

"Petrona" 7 milyard dollarlıq Kanada şirkətini satmağı düşünür

Müəllif: Tamara Mustafayeva, Banco.az

Malayziyanın neft-qaz şirkəti “Petronas” Kanadanın 7 milyard dollarlıq "Progress Energy" holdinqini satmağı planlaşdırır.

Banco.az xəbər verir ki, Malayziyanın neft və təbii qaz şirkəti olan "Petroliam Nasional Berhad" (Petronas) Kanadadakı törəmə şirkəti "Progress Energy" ilə bağlı satış da daxil olmaqla müxtəlif variantları qiymətləndirir.

Kanadadakı "Progress Energy" şirkətinin dəyərinin 6-7 milyard dollar arasında ola biləcəyi proqnozlaşdırılır.

"Bloomberg"ə danışan mənbələrin bildirdiyinə görə, Petronas şirkətdəki payını satmağı da nəzərdən keçirir və potensial alıcılarla bağlı araşdırmalara başlayıb. Mənbələr həmçinin, hələ qəti qərarın verilmədiyini də vurğulayıblar.

"Petronas"ın nümayəndəsi isə bu məsələyə dair şərh istəklərinə hələ cavab verməyib.

"Petronas" 2012-ci ildə Progress Energy-ni təxminən 5 milyard 300 milyon dollara satın almışdı.

"Progress Energy" neft qiymətlərinin aşağı düşməsindən mənfi təsirləndiyini və 2024-cü ildə xalis gəlirində 30%-dən çox azalma olduğunu bəyan etmişdi.

Digər tərəfdən, "Petronas" Kanada Britaniya Kolumbiyasının şimal-şərqində yerləşən Şimali Montney bölgəsində fəaliyyət göstərir. Şirkətin rəsmi saytında verilən məlumata görə, tərəfdaşları ilə birlikdə 800 min akrdan (təqribən 324 min hektar) çox ümumi mədən hüququna və 53 trilyon kub fut ehtiyat qaynağına sahibdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram