Avstriyanın OMV konserninin Türkiyədəki törəməsi olan "Petrol Ofisi" şirkətini almaqda iddialı olan şirkətlərin sayı azalıb. "Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, OPET və BP şirkətləri "Petrol Ofisi"nin alışına dair keçirilən tenderdə iştirakını dayandırıb.
Beləliklə, "Saudi Aramco", "Petromim-C", "Vitol" və SOCAR şirkətləri tenderdə iştirakını davam etdirir.
"Bloomberg" agentliyi öz mənbələrinə istinadən xəbər verir ki, yuxarıda adları çəkilən şirkətlər arasında "Petrol Ofisi"nin yeni sahib olmağa ən çox şansı olan "Saudi Aramco"dur. Bildirilir ki, ərəb şirkəti OMV-yə 1,6 mlrd. avro təklif edib.
Bundan öncə xəbər verdiyimiz kimi, "Saudi Aramco" danışıqlar prosesinə HSBC bankını cəlb edib.
Xatırladaq ki, OMV-nin baş icraçı direktoru Rayner Zele (Rainer Seele) bu yaxınlarda bildirib ki, onun rəhbərlik etdiyi şirkətə "Petrol Ofisi"ni almaq istəyən şirkətlərdən təkliflər daxil olub: "Strategiyamıza uyğun hərəkət etməyə davam edirik. "Petrol Ofisi"nin satışına dair ilk təklifləri almışıq".
Qeyd edək ki, SOCAR "Petrol Ofisi"nə məxsus olan yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsinin alınması üçün elan olunan müvafiq tenderdə iştirak edəcəyini bildirib. Bunu "Reuters" agentliyinə "SOCAR Türkiye Enerji A.Ş."-nin İdarə Heyətinin sədri Vaqif Əliyev bildirib.
V. Əliyev əlavə edib ki, "Petrol Ofisi" yayda SOCAR-a informasiya memorandumunu təklif edib. "Bundan sonra biz tender iştirak haqqında qərar qəbul etdik", - deyə o bildirib.
İdarə Heyətinin sədri detalları açıqlamayıb.
SOCAR-a YDM məntəqəsi STAR neft emalı zavodu ilə inteqrasiya üçün lazımdır. Türkiyənin İzmir şəhərində yerləşən zavod 2018-ci istismara veriləcək.
Cari ilin fevral ayında OMV "Petrol Ofisi"nin satışa çıxarıldığı bəyan edib. Şirkətdən bildirilib ki, "Petrol Ofisi" OMV-nin yenilənmiş strategiyasına uyğun deyil.
"Petrol Ofisi"nin Türkiyə ərazisində 1800-ə yaxın YDM-i var.
Mənbə: Apa.az