Qardaş və dost Türkiyədə son günlər ən çox müzakirə olunan məsələlərdən biri vaxtından əvvəl, yəni, ən azı 10-15 illik əmək, iş stajına malik olandan sonra pensiyaya çıxmaq məsələsidir.
Qanun layihəsini isə sabiq vitse-spiker Meral Akşənərin rəhbərlik etdiyi “İYİ Parti” hazırlayıb və təklif edib.
Layihə TBMM-dəki müxalif partiyaların- CXP, MHP və HDP-nin səsləri ilə birinci oxunuşda qəbul olunsa da, ikinci oxunuşda MHP-çilərin əleyhinə səsverməsi ilə qəbul olunmayıb. Səbəb isə MHP-nin lideri Dövlət Baxçalı ilə Akşənər arasında olan qarşıdurmadır.
Ancaq “İYİ Parti” başda olmaqla, digər müxalif partiyalar adıçəkilən qanunun qəbulunda israrlı olduqlarını və növbəti mərhələdə onun qəbuluna inandıqlarını bildiriblər.
Qeyd edək ki, belə bir məsələ Azərbaycanın müstəqilliyinin ilk illərində, 90-cı illərin əvvəllərində də gündəmə gəlmişdi. Həmin vaxt ən azı 20-25 il iş stajına malik olan insanların da əmək pensiyasına çıxa biləcəyi məsələsi müzakirə edilirdi. Lakin həmin vaxt bu məsələ təklidən, ideyadan o yana keçməmişdi.
Bəs görəsən, Türkiyədən sonra Azərbaycanda da bu məsələ gündəmə gələ və reallaşa bilərmi?
Bununla bağlı açıqlamasında millət vəkili Eldəniz Səlimov hələlik belə bir məsələnin gündəmə gəlməməsi, ilkin variantda olsa belə, hansısa sənədin müzakirələrə çıxarılmaması səbəbindən konkret fikir söyləməyin çətin olduğunu bildirib.
O qeyd edib ki, əgər Türkiyədə olduğu kimi, Azərbaycanda da bu məsələ gündəmə gələrsə və müzakirəyə çıxarılarsa, o zaman dəqiq, konkret münasibət bildirmək olar.
Millət vəkili belə bir məsələnin nə vaxtsa müzakirəyə çıxarılmasını da istisna etməyib:
“Belə bir məsələnin gündəmə gəlməsi, müzakirə mövzusuna çevrilməsi də istisna deyil.
Hər bir təklif, ideya kimi onun da gündəmə gəlmə, müzakirə olunma haqqı var. Mən, sadəcə, şəxsi, subyektiv fikrimi deyə bilərəm və qeyd edim ki, bu, əslində ilk baxışdan cazibədar bir təklif, ideyadır, müəyyən insanların maraqlarını ifadə edə bilər.
Yəni, kimlərsə, 20-25 ildən, rəsmi pensiya yaşına çatmadan da təqaüdə çıxmaq fikrinə düşə bilər. Dünyada bunun təxmini analoqları da var. Bu haqqı da kiminsə əlindən almaq olmaz. Amma bununla belə, əgər bu məsələ, ideya reallaşarsa, təbii ki, pensiyalarda açıq-aşkar fərqlərin olması da mümkündür.
Heç şübhəsiz ki, vaxtından əvvəl pensiyaya çıxmaq istəyən insanların pensiyaları zamanında təqaüdə çıxan insanların pensiyasından az ola bilər. Çünki burada bir könüllülük məsələsi də var. Amma yenə deyirəm, hələ ki, belə bir məsələ gündəmdə deyil.
Nə vaxt gündəmə gələrsə və müzakirələrə çıxarılarsa, o zaman dəqiq fikir yürütmək olar.
İndi hələlik ortada belə bir məsələ yoxdur”, - deyə, millət vəkili yekunlaşıdırıb.