Müəllif:Mehin Qasımova,Banco.az
Çin ABŞ-ın "İranla əlaqəli" olduqları əsası ilə Çin vətəndaşlarına və şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaların ləğv olunmasını tələb edib.
Banco.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin sözçüsü Huang Ling Pekində keçirilən mətbuat konfransında bildirib.
Sözçünün sözlərinə görə, Çin beynəlxalq hüquqda heç bir əsası olmayan və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) tərəfindən təsdiqlənməyən birtərəfli sanksiyalara qəti şəkildə qarşıdır. Huang Ling vurğulayıb ki, rəsmi Pekinin dəfələrlə etiraz etməsinə baxmayaraq, Vaşinqton administrasiyası Çin şirkətləri və vətəndaşlarına İranla əlaqələri olduğu iddiası ilə təkrarən sanksiyalar tətbiq edir.
Ticarət Nazirliyinin nümayəndəsi əlavə edib ki, ABŞ-ın bu addımları ölkələr arasında normal iqtisadi-ticarət münasibətlərinə yersiz müdaxilədir, həmçinin qlobal enerji təhlükəsizliyini və təchizat sabitliyini pozur. Pekin Vaşinqtonu yanlış təcrübələrə son qoymağa çağırıb və Çin vətəndaşları ilə müəssisələrinin qanuni hüquq və mənafelərinin qorunacağını bəyan edib.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi mayın 8-də İrana silah alışını asanlaşdırmaq və silah sistemləri təchiz etmək ittihamı ilə Çində yerləşən "Yushita Shanghai" və "Hitex Insulation", eləcə də Honkonqun "Hesin Industry" və "Mustad Limited" şirkətləri də daxil olmaqla ümumilikdə 5 müəssisəni sanksiya siyahısına salıb.
