PAŞA Bank II “Bakı Elektron Ticarət Forumu”nun platin sponsoru qismində çıxış etdi | Banco.az

PAŞA Bank II “Bakı Elektron Ticarət Forumu”nun platin sponsoru qismində çıxış etdi

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank II “Bakı Elektron Ticarət Forumu”nun (BEF-2019) platin sponsoru qismində çıxış etdi. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının təşkil etdiyi ikigünlük tədbirin işində beynəlxalq təşkilatların, dövlət qurumların, ictimai təşkilatların, mikro-, kiçik və orta biznes və startapların nümayəndələri, həmçinin elektron ticarət sahəsində fəaliyyət göstərən investor və müstəqil ekspertlər iştirak etdi.

Bir neçə müxtəlif planlı müzakirə paneli zamanı BEF-2019 iştirakçıları Azərbaycanda elektron ticarətin ümumi inkişaf perspektivləri barədə fikir mübadiləsi apardı, o cümlədən, bu istiqamətdə tənzimləyici siyasətin standartlarını, elektron ticarət infrastrukturunun inkişafında müasir meylləri müzakirə etdi. Forum iştirakçıları kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi, elektron ticarətdə müxtəlif biznes modellərinin tətbiqi, onlayn ödəniş sistemlərinin inkişafı kimi məsələlərin və bu gün aktual olan digər mövzuların müzakirəsinə xüsusi diqqət yetirdi.

Ən sərfəli kredit üçün müraciət et

Forumda çıxış edən PAŞA Bankın Rəqəmsal məhsul və xidmətlər üzrə rəhbəri Səbinə Qurbanovanın sözlərinə görə PAŞA Bankın 2018-2020-ci illər üçün İnkişaf Strategiyası çərçivəsində Bank öz xidmətlərinin 90%-nin rəqəmsal kanallar vasitəsilə göstərilməsi öhdəliyini uğurlu şəkildə yerinə yetirir.

“Belə ki, artıq keçən ilin sonundan PAŞA Bank yeni Onlayn Bank platformasını müştərilərin istifadəsinə verib. Bu platforma vasitəsilə sahibkarlar Bankın təqdim etdiyi məhsul və xidmətlərə onlayn giriş əldə edib. Hal-hazırda fərdi sahibkarlar və hüquqi şəxslər üçün yeni hesabların açılmasının 85-87%-i, həmçinin, əməkhaqqı kartlarının sifarişlərinin 60-65%-i Bankın filiallarını ziyarət etmədən onlayn rejimdə tərtib olunur. Bu PAŞA Bankın artıq 1,5 ildir ki, biznesin tələbatlarını əsas götürərək məhsul və xidmətlərini müştəriləri ilə sıx əməkdaşlıqda hazırlaması sayəsindədir. Biz əminik ki, PAŞA Bankın fəaliyyətinin rəqəmsallaşdırılması sahəsində əldə etdiyi nailiyyətlər Azərbaycanda İKT sektorunun inkişafı üzrə Strateji Yol Xəritəsinin uğurlu şəkildə həyata keçirilməsinə öz töhfəsini verəcək”, - deyə S. Qurbanova sözlərini yekunlaşdırıb.

Ən sərfəli krediti almaq üçün müraciət et