Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 9 aprel 2025-ci il tarixində Bakıda keçirilən nüfuzlu “ECOM Azerbaijan 2025” elektron ticarət forumunun əsas sponsoru qismində çıxış edib.
Azərbaycan və Türkiyənin elektron ticarət sektorunun əsas oyunçularını bir araya gətirən və irimiqyaslı e-ticarət platformalarından biri olan tədbir rəqəmsal iqtisadiyyatın inkişafına dəstəyi hədəfləyir.
Tədbirdə çıxış edən “PAŞA Bank” hesab və ödəniş xidmətləri, maliyyə texnologiyaları sahəsinin lideri Bəhman Orucov Azərbaycanda elektron ticarət ekosisteminin inkişafında Bankın rolunu vurğulayıb. O, qeyd edib ki, Bankın tədbirin əsas sponsoru kimi çıxış etməsi yalnız bu tədbirə deyil, bütövlükdə ölkədə rəqəmsal transformasiya və innovativ iqtisadi inkişafın dəstəklənməsinə yönəlmiş strateji yanaşmanın göstəricisidir.
“PAŞA Bank olaraq, kiçik və orta bizneslər (KOB) və sahibkarlar üçün texnologiyaya əsaslanan həllər təqdim edərək rəqəmsal ticarətin inkişafına sistemli yanaşırıq. Elektron ticarət platformamız, bizneslərin rəqəmsal mühitdə daha səmərəli fəaliyyət göstərməsinə kömək etmək üçün sadələşdirilmiş qeydiyyat, çevik ödəniş seçimləri və məlumat əsaslı maliyyə alətlərinə çıxış imkanı təmin edir. 2026-cı ilə baxışımız, uzunmüddətli inkişafa dəstək olan, davamlı dəyər yaradan və yerli müəssisələrin rəqabət qabiliyyətini gücləndirən müştəri yönümlü ekosistem qurmağa yönəlib,” - deyə, Orucov bildirib.
Foruma qatılan digər “PAŞA Bank” nümayəndəsi, data departamentinin direktoru İlker Kurtuluş elektron ticarətdə məlumatların effektiv istifadəsi ilə uğur qazanma yolları barədə danışıb.
Xatırladaq ki, tədbir elektron bazarın inkişaf strategiyaları, yeni nəsil müştəri təcrübələri, süni intellektin elektron ticarət əməliyyatlarına təsiri və onlayn ödənişlərin gələcəyi, elektron ticarətin rəqabət üstünlüyü və bir sıra digər aktual mövzuları əhatə edib. Panel zamanı iştirakçılar elektron ticarətdə real təcrübələrə əsaslanan inkişaf strategiyalarını və rəqəmsal ödənişlərin gələcək trendlərini, risklərini və imkanlarını müzakirə ediblər.