Maliyyə Bazarlarına Nəzarət Palatasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir iştirakçıları Ümummilli liderin abidəsi önünə gül dəstələri qoyublar.
Tədbiri çıxış nitqi ilə açan Palatanın Baş icraçı direktoru İbrahim Alışov bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın taleyüklü hadisələrlə dolu otuz ildən artıq mühüm tarixi bir dövrü məhz Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev öz məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Baş icraçı direktor qeyd edib ki, Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında elə bir sahə yoxdur ki, Ümummilli liderin adı ilə bağlı olmasın.
Ümumilli lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi siyasət strategiyasının başlıca istiqamətlərini iqtisadi asılılığın olmaması, dinamik inkişaf, beynəlxalq institutlara inteqrasiya, sоsial-iqtisadi tərəqqi və xalqın rifahının yüksəldilməsi təşkil edirdi deyən İ. Alışov 2003-cü ildən başlayaraq Heydər Əliyev strategiyası yeni keyfiyyətdə və yeni məzmunda uğurla davam etdirilərək hazırda tamamilə yeni bir inkişaf dövrünə qədəm qoyduğundan da söz açıb. Bildirib ki, Ulu öndərin müəyyənləşdirdiyi strategiyanın layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində dövlət quruculuğunun yeni mərhələsi başlamış, iqtisadiyyatın müasirləşməsinə, qeyri-neft sektorunun inkişafına nail olunmuş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, regionların inkişafı sürətləndirilmişdir. Həyata keçirilən sosialyönümlü siyasət və layihələr nəticəsində əhalinin sosial rifahı xeyli yaxşılaşmışdır.
Tədbirin yekununda Maliyyə Bazarlarına Nəzarət Palatasın sifarişi əsasında hazırlanmış “Heydər Əliyev – 95” filmi tədbir iştirakçılarına nümayiş etdirilib.