Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu gün sığorta şirkətlərinin rəhbərlərini toplayır.
Sığorta şirkətlərindən əldə edilən məlumata görə, əsas müzakirə mövzusu icbari avtomobil sığortası ilə bağlı endirimlər olacaq.
Palata ötən ilin may ayından etibarən icbari avtomobil sığortası üzrə endirim, hədiyyə və güzəştlərlə bağlı ciddi qadağalar tətbiq etməyə başlamışdı.
Nəticədə sığorta bazarında bu istiqamətdə ciddi dönüş müşahidə edilirdi.
“İcbari sığortalar haqqında” Qanunun 12.4-cü maddəsinə əsasən, sığortaçı daxil olan sığorta haqlarının 20%-dək hissəsini işlərin aparılması xərclərinə, o cümlədən 15%-dək hissəsini sığorta vasitəçiliyi xidmətinə görə, verilən komisyon muzdlara sərf edə bilər.
Amma ötən ilin sonunda etibarən bəzi iri sığorta şirkətlərinin qadağalara məhəl qoymaması sonda bazarda endirimlərin 30%-ə qədər yüksəlməsinə gətirib çıxarıb.
Palata bu məsələni yenidən diqqətdə saxlayır. Sığorta bazarında endirimlərlə bağlı qadağalara riayət etməyən sığorta şirkətlərinə və onların rəhbərlərinə qarşı ciddi sanksiyaların tətbiq ediləcəyi gözlənilir.
MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov sığorta şirkətlərinin rəhbərləri ilə görüşü təsdiqləyib.
O bildirib ki, bununla bağlı daha sonra ətraflı məlumat veriləcək.
Mənbə: Fins.az