Özünü əziyyətə verməyən bank əməkdaşları | Banco.az

Özünü əziyyətə verməyən bank əməkdaşları

Bank əməkdaşları niyə işləmək istəmir?

Bəzən olur ki, təcili bir məsələ ilə bağlı banka, yəni filiala yaxınlaşırsan. Edilməsi asan, lakin təcili olan bu işi bank əməkdaşları sizin üçün qəliz və uzun bir prosesə çevirir, bəzən isə onlar sadəcə kömək etmək, özlərini əziyyətə salmaq istəmirlər. Bank əməliyyatçıları nədənsə anlamırlar ki, bu gün yola saldıqları narazı müştəri sabah həmin bankı müştərisiz qoyacaq və bir gün gələcək ki, bu səbəbdən elə onlar özləri də işsiz qalacaq. Təəssüf ki, ölkəmizdə xidmət sektorunun bir çox sahələrində olan keyfiyyətsizlik bəzi banklarımızda da qalmaqda davam edir.

Deməli məsələ nədən ibarətdir?

Bir çox hallarda universitetə ödənişli qəbul olduqda, hər hansı bir xarici dil kursuna getdikdə, İELTS imtahanı və s verdikdə, həmin təşkilat ödəniş etmək üçün öz rekvizitlərini öz saytında açıqlayır.

Əslində bu rekvizitlər istənilən bir banka yaxınlaşıb, ödəniş etmək və ödəniş tapşırığı yerinə yetirmək üçün kifayət edir. Şirkətinin hesabının hansı bankda olmasına rəğmən. Məsələ həmin hesab Beynəlxalq Bankda və ya Kapital Bankda ola bilər. Amma sizin çalışdığınız, yaşadığınız ərazidə həmin bankın filiallarının olması  mütləq deyil. Çünki ölkəmizdəki bütün bankların bir-birində, həmçinin Mərkəzi Bankda müxbir hesabları olur. Yəni bir bankda etdiyiniz ödəniş, digər bankın müxbir hesabına yatırıla bilər.

Amma bir neçə dəfə şəxsi təcrübəmdə, bank əməkdaşları rekvizitlər əsasında ödəniş tapşırığı icra etməkdən imtina ediblər və bunu ödəniş tapşırığı nümunəsinin olmaması ilə əsaslandırıblar. Halbuki hər bir bankda belə nümunələr olur. Heç də bütün fiziki şəxslər özləri ilə ödəniş tapşırığı gəzdirmir.

Deyəsən bank əməkdaşları fiziki və hüquqi şəxsi fərqləndirə bilmir və məndən üzərində mühasibin imzası, möhürü olan nümunə istəyirlər.

Mənə görə onlar sadəcə özünü əziyyətə salmaq istəmir. Deməli ödəniş “dead-line”-ın bitməsinə sayılı dəqiqələr qalmış, nəzərə alsaq ki, bank kassaları saat 5-dən sonra çalışmır, bank əməkdaşı mənə kömək etməkdən sadəcə imtina etdi, rekvizitlər əsasında ödənişi tapşırığı etməkdən imtina etdi.

Ən sərfəli kredit üçün müraciət et

Bu hal iki fərqli bankın filialında təkrarlanıb, sadəcə bankların PR-ına olan hörmətimdən adlarını çəkmək istəmirəm.

Başqa bir bankda isə heç bir sorğu –sual olmadan, rekvizitlər əsasənda ödəniş tapşırığını yerinə yetirdilər.  Deməli bu mümkünsüz bir şey deyil.

Ödəniş tapşırığı - Ödəniş tapşırıqları ilə hesablaşma nağdsız hesablaşmanın formalarından biridir. Hesablaşmanın bu formasında bankda hesabı olan müəssisənin və ya şəxsin həmin hesabdan müəyyən məbləğ vəsaitin silinib, başqa müəssisənin və ya şəxsin hesabına daxil edilməsi haqqında özünə xidmət edən banka verdiyi tapşırıqdır. Ödəmə tapşırığı vasitəsi ilə həm şəhər daxili, həm də şəhərdən kənar hesablaşmalar aparılır.

Ödəniş tapşırıqları ilə hesablaşmanı icra etmək üçün bank müştərinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitinin bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin göstərdiyi şəxsin hesabına ödəmək öhdəliyini öz üzərinə götürür. Bu öhdəliyi bank, bank hesabı müqaviləsində ayrı müddət nəzərdə tutulmayan hallarda ödəniş tapşırığının banka daxil olduğu günün ertəsi gündən gec olmayaraq icra edir.

Nağdsız hesablaşmaların həyata keçirilməsi üçün istifadə edilən ödəniş tapşırığında aşağıdakı rekvizitlər mütləq əks etdirilməlidirlər:

  • Ödəyicinin adı və digər rekvizitləri;
  • Vəsait alanın adı və digər rekvizitləri;
  • Emitent bankın adı və digər rekvizitləri ( “V” formatlı ödəniş tapşırığı istisna olmaqla ) ;
  • Benefisiar bankın adı və digər rekvizitləri;
  • Vəsaitin məbləği və valyuta növü;
  • Ödənişin təyinatı.

Ən sərfəli krediti almaq üçün müraciət et