Özəl pensiya fondlarının inkişafı nə vəd edir? | Banco.az

Özəl pensiya fondlarının inkişafı nə vəd edir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin”.

Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı Vüqar Bayramov deyib.O bildirib ki,  bu, pensiya məbləğinin artmasına gətirib çıxarır:

“Oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur. Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq məsələn 300 manat almaq imkanı qazanacaq. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq”.

Ən sərfəli kredit üçün müraciət et

Vüqar Bayramov hesab edir ki, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir. Çünki belə pensiya fondlar yaranarsa vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək.

“Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanması məqsədəuyğun olardı. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb, təqdim edilməsi vacibdir”.

İqtisadçı qeyd edib ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir praktikadır. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə belə fondlar fəaliyyət göstərir.