"Özəl banklarla bağlı çox ciddi islahatlar aparılmalıdır" | Banco.az

"Özəl banklarla bağlı çox ciddi islahatlar aparılmalıdır"

Dövlət siyasəti, sənaye, kənd təsərrüfatı ilə bağlı olan addımlar sırf sosial xarakter daşıyır. Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda yekun nitqində deyib. Ölkə başçısı fermerlərin torpaq vergisindən başqa bütün vergilərdən azad edildiyini qeyd edib: “Subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, yollar çəkilir, meliorasiya layihələri icra edilir, Taxtakörpü, Şəmkirçay su anbarlarına yüz milyonlarla manat qoyulur ki, suvarılan torpaqların sahəsi artsın. Kreditlər verilir. Fermerlərə güzəştli şərtlərlə 300 milyon manat kreditlər verilib. Həmçinin tövsiyələr, metodik təlimatlar verilir ki, bu kreditlərdən necə istifadə edilsin. Hansı ölkədə bu qədər qayğı, diqqət göstərilir?! Mən sizə deyim ki, heç bir ölkədə. Bu, bizim siyasətimizin əsas istiqamətidir və biz bunun hesabına qeyri-neft sektorunun inkişafına nail ola bilmişik”.

Dövlət başçısı sənaye sahəsində də eyni yanaşmanın tətbiq olunduğunu qeyd edərək, dövlətin öz hesabına texnoparklar yaratdığını vurğulayıb: “Orada şirkətləri cəlb etmək üçün lazım gəldikdə kreditlər ayırır və bu istiqamətdə təşviqedici addımlar kifayət qədər çoxdur”.

Hər bir rayonda sənaye zonaları olmalıdır, deyən dövlət başçısı qeyd edib ki, bu istiqamətdə işlər gedir və getməlidir. Prezident İlham Əliyev dövlətin bu məsələdə əsas yükü öz üzərinə götürdüyünü qeyd edib: “Belə də olmalıdır. Azərbaycanda dövlət siyasəti bu istiqamətdə aparılır. Eyni zamanda, biz bu sahədə ölkəmizdə sənayenin, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafını sürətləndirmək üçün dünyada gedən təcrübəni də bilirik. Mövcud olan təcrübəni öyrənirik və görürük ki, orada banklar bu sahədə çox müsbət rol oynayır. Banklar iqtisadiyyatın real sektoruna vəsait ayırır. Bizdə də belə olmalıdır. Bizdə isə belə deyildir. Bu sahəyə çox ciddi fikir verilməlidir”.

Ölkə başçısı qeyd edib ki, dövlət büdcəsində banklara güzəştli şərtlərlə nəzərdə tutulan 300 milyon manat kreditlər verilir ki, banklar bu vəsaiti sahibkarlara paylasınlar: “Yəni, bu, bankların öz resursları deyil, dövlətdən verilən resurslardır. Banklar bunu paylayır, eyni zamanda, hələ pul da qazanırlar. Yəni, bu, Azərbaycan dövlətinin özəl banklara olan böyük bir imtiyazıdır, güzəştidir. Hansı ölkədə dövlət özəl banklara pul verir, özü də bu şərtlərlə?! Amma bizdə Mərkəzi Bank lazım gəldikdə özəl banklara kredit resursları verir ki, onlar pul qazansınlar. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə banklara hər il 300 milyon manat verilir ki, pul qazansınlar. Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün”.

“Mən etiraz etmirəm, ancaq dövlətin siyasəti var və dövlət özəl bankları dəstəkləyir. Qeyd etdiyim kimi, kreditlər verir, şərait yaradır ki, pul qazansınlar. Onlar da öz məsuliyyətini dərk etməlidirlər. Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmaq nə dərəcədə mümkündür?! Əgər belədirsə dövlət o banklara niyə kömək göstərməlidir?!”, deyə dövlət başçısı qeyd edərək, özəl banklarla bağlı çox ciddi islahatların aparılmalı olduğunu vurğulayıb. “Birinci növbədə məsələ təhlil edilməlidir. Yəqin ki, bu təhlil var. Mənə məlumat verilməlidir ki, Azərbaycanın özəl bankları iqtisadiyyatın real sektoruna hansı həcmdə, nə qədər vəsait qoyur. Onların kredit portfelində iqtisadiyyatın real sektoruna ayrılan vəsait ya investisiya, ya kredit şəklində nə qədərdir və onlar digər sahələrə nə qədər kredit ayırırlar? Mən bunu bilməliyəm və ondan sonra öz qərarımı verəcəyəm. Yenə də deyirəm, mən Azərbaycanın özəl sektorunun inkişafına çox böyük dəstək verirəm. Əgər belə olmasaydı bu gün bu qədər inkişaf olmazdı. Ancaq, eyni zamanda, özəl sektor da öz məsuliyyətini dərk etməlidir və ümumi işimizə töhfə verməlidir”, deyə prezident İlham Əliyev əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Xoşagəlməz hallara qarşı mübarizənin davam etdirildiyini qeyd edən prezident İlham Əliyev, bunun daim diqqət mərkəzində olan məsələ olduğunu vurğulayıb: “Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə gözəl nəticələr verir. Bunu əhali də görür, təqdirlə qarşılayır. Beynəlxalq qurumlar da bunu qeyd edirlər. Hesab edirəm ki, biz bu sahədə köklü dəyişiklərə nail ola bilmişik. Burada əvvəlki dəfələrdə qeyd etdiyim kimi, müxtəlif amillərin rolu xüsusi məna daşıyır - inzibati tədbirlər, cəza tədbirləri, institusional tədbirlər, şəffaflıq, yeni metodların tətbiqi”.

“ASAN xidmət”in fəaliyyətinin xüsusi əhəmiyyətə malik olan fəaliyyət olduğunu bildirən ölkə başçısı il yarım ərzində 2 milyondan artıq müraciət olunduğunu qeyd edib: “Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar bu quruma inanırlar, görürlər ki, orada onlardan rüşvət tələb etmirlər, süründürməçilik yoxdur, şəffafdır, gənclər xidmət göstərirlər, yüzlərlə könüllü bu işlərə cəlb olunub. Görün insanların rahatlığı, gənc nəslin yetişdirilməsi, hazırlanması, vətənpərvərliyin möhkəmləndirilməsi, gücləndirilməsi üçün bunun nə qədər böyük faydası var. Ümumiyyətlə, bu sistem cəmiyyətə yeni bir ab-hava, ictimai xidmətlər sahəsinə yenilik gətirdi”.

Dövlət başçısı “ASAN xidmət”in səyyar avtobuslarının bölgələrə göndərilməsinin yerlərdə şəffaflığın təmin olunması işində böyük rol oynadığını qeyd edib: “Mənə yerlərdən məlumat gəlir ki, orada insanlar bu avtobusları bir bölgədən başqa bölgəyə getməyə qoymurlar. Nə üçün? Çünki orada onlardan rüşvət tələb edilir. Deməli, əgər belə olmasaydı, onda bu avtobuslara bu qədər maraq göstərilməzdi. Ona görə, hesab edirəm ki, aidiyyatı qurumlar, prokurorluq və digər qurumlar, icra nümayəndələri bu məsələyə çox ciddi diqqət verməlidir. Bizdə hər yerdə şəffaflıq təmin edilməlidir. O ki qaldı “ASAN xidmət”in fəaliyyətinə, hesab edirəm ki, biz avtobusların sayını artırmalıyıq. İndi cəmi iki avtobus vardır. Biz onların sayını 10-a çatdırmalıyıq. Ona görə, Maliyyə Nazirliyi məsələyə baxsın və təklif versin. Qısa müddət ərzində 10 avtobus daim hərəkətdə olmalıdır ki, insanlar razı qalsınlar”.

Mənbə: news.lent.az

Ən sərfəli krediti almaq üçün müraciət et