Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada pərakəndə satış həcmi azalıb.
Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatlarına görə, 2023-cü ilin noyabr ayında 1,4 faiz artan pərakəndə satış həcmi ötən ay 3,2 faiz azalıb.
2023-cü ilin oktyabr-dekabr aylarını əhatə edən üç ayda isə ölkədə pərakəndə satışlar əvvəlki üç aylıq dövrlə müqayisədə 0,9 faiz azalıb.
Qeyri-ərzaq mağazalarının satışları dekabrda 3,9 faiz azalıb. “Qara Cümə” endirimlərinin təsiri ilə ötən ilin noyabr ayında qeyri-ərzaq mağazalarının satışları 2,7 faiz artım göstərmişdi.
Ərzaq mağazalarında satışlar da noyabrda 1,1 faiz artıma nail olduqdan sonra dekabrda 3,1 faiz azalıb.
Sözügedən dövrdə onlayn satışlarda isə 2,1 faiz azalma olub. 2023-cü ilin noyabr ayında onlayn satışlar 1,1 faiz azalmışdı.
Qeyd edək ki, illik əsasda isə pərakəndə satışlar 2023-cü ildə 2,8 faiz azalaraq 2018-ci ildən bəri ən aşağı səviyyəyə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!