Ötən il 10 ton qızıl almışıq | Banco.az

Ötən il 10 ton qızıl almışıq

Dünya Qızıl Şurasının son hesabatına əsasən, 2014-cü ildə qızıla olan qlobal tələbat 4% azalaraq 3924 tona düşüb. Halbuki 2013-cü ildə qızıl alışı 4088 ton olub. Bu, 2009-cu ildən bəri ən aşağı göstəricidir. Azalma bütün kateqoriyadan olan qızıl məmulatlarında müşahidə edilib. Yeganə olaraq Mərkəzi banklar qızıl tələbatına dəstək veriblər. Qızılın əsas komponenti olan zərgərlik məmulatlarına tələbat 10% azalıb və 2153 ton olub. Qızıl sikkələrin alışı 40%, birja fondları üçün qızıl isə 5,5 dəfə azalıb.

Mərkəzi Bankların qızıl alışı ötən il 17% artıb. Ümumilikdə banklar tərəfindən 477,2 ton qızıl alınıb ki, bu da son 50 ildə 2012-ci ildəki alışdan (544 ton) sonra ikinci ən yüksək göstəricidir. Qızılın əsas alıcıları MDB ölkələri, o cümlədən Azərbaycan olub. Ən böyük alıcı olan Rusiya 173 ton qızıla sahib durub. Qazaxıstan 48 ton, Azərbaycan isə 10 ton qızılı alaraq ehtiyatlarına daxil edib. İraq da 48 ton qızıl alıb. Ukrayna Mərkəzi Bankı isə iqtisadi böhranla mübarizə çərçivəsində qızıl ehtiyatının 44%-ni satmaqla 24 tona endirib.

Ən sərfəli kredit üçün müraciət et

Tələbatın azalmasına səbəb dünyanın əsas qızıl istehlakçı dövlətləri olan Çin və Hindistanda tələbatın azalması olub. Hindistanda zərgərlik qızıllar 8% artsa da, Çində 33% azalıb. əvəzində hər iki ölkədə sikkə qızılları 50% azalıb.

Ötən il qızılın qiymətində ilboyu kəskin qeyri-sabitlik olsa da sonda ilin əvvəlindəki səviyyədə - 1200 dollar həddində qalıb. Bu il isə yanvarın sonlarına qədər 1300 dollar həddinə bahalaşan qızıl sonradan 1222 dollar həddinə qədər ucuzlaşıb.

Azərbaycan Mərkəzi Bankı ötən il 10 ton qızıl alaraq ehtiyatlarına daxil edib. Dövlət Neft Fondunun ehtiyatlarında isə 30 tondan çox qızıl var və aktivlərdə payı 3.1%-dir. Qızılın dəyəri 1 milyard 150 milyon dollar məbləğində qiymətləndirilir. 2014-cü ildə Neft Fondu qızıl alışı həyata keçirməyib.

Ən sərfəli krediti almaq üçün müraciət et