Bu ilin mart ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 0,6%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb. Dövlət Statistika Komitəsinə istinadən verilən məlumata görə, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3% bahalaşıb.
Ay ərzində qarabaşaq yarması, çörək, toyuq əti, yumurta, göyərti, çuğundur, kök, kartof, şəkər tozunun qiymətlərində ucuzlaşma, uzun və yumru düyü, buğda unu, balıq məhsulları, kolbasa məmulatları, kərə yağı, günəbaxan və qarğıdalı yağları, limon, portağal, naringi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, şabalıd, kələm, balqabaq, soğan, sarımsaq, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.
Əhaliyə göstərilən pullu xidmətlərdən ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tarifləri mart ayında ucuzlaşıb, MDB və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tarifləri isə bahalaşıb.
Mənbə: Apa.az