Ötən ay Azərbaycanda 4.5 mlrd. manatlıq məhsul satılıb | Banco.az

Ötən ay Azərbaycanda 4.5 mlrd. manatlıq məhsul satılıb

2024-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,5 milyard manatlıq, o cümlədən 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə  Dövlət Statistika Komitəsi məlumat verib.

Qeyd edilib ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1%, qeyri-ərzaq malları üzrə 5% artıb.

2024-cü ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9%-i ərzaq məhsullarının, 5%-i içkilər və tütün məmulatlarının, 14,3%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5%-i avtomobil benzini və dizel yanacağının, 4,6%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat ayında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadədə 3,5% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8%-ni təşkil edib.

2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,6 faiz, fərdi sahibkarlar üzrə 4,2%, bazar və yarmarkalarda 2,7% artıb.
Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 441,3 manatlıq, o cümlədən 242,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 199 manatlıq qeyri-ərzaq malları alınıb.