“Orta Dəhliz təkcə Azərbaycanın deyil, digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirir” | Banco.az

“Orta Dəhliz təkcə Azərbaycanın deyil, digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirir”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Ölkəmizin Orta Dəhlizin inkişafı istiqamətində reallaşdırdığı tədbirlərdən danışarkən isə, ilk növbədə, 2022-ci ildə Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin sözügedən marşrutun potensialının tam hərəkətə gətirilməsi  məqsədilə imzalanan və  2022–2027-ci illəri əhatə edən Yol Xəritəsinin önəmi qeyd edilməlidir.   

Banco.az xəbər verir ki, qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir. 

Respublikamız Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir.  Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.

Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz ideyası dünyada baş verən gərgin geosiyasi proseslər fonunda irəli sürülüb.  2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə bu layihə həyata vəsiqə alıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda Çin–Qazaxıstan sərhədindən başlayan marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Orta Dəhliz təkcə Azərbaycanın deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsidir. Onun iqtisadi baxımdan səmərəli olması ilə yanaşı, siyasi əhəmiyyəti də az deyil. İndi dünyanın ən iddialı iqtisadi proqramı hesab olunan, Çin və Avropanı inkişaf etmiş yollar, yüksək sürətli dəmir yolu xətləri, elektrik xətləri, limanlar, boru kəmərləri və digər mühüm infrastruktur vasitələri ilə birləşdirməyi hədəfləyən bu layihə 65 ölkəni və dünya üzrə ümumi daxili məhsulun 40 faizini əhatə edir. Dünya Bankının məlumatına görə, hazırda dəhliz boyunca yerləşən 70 ölkədə (Çin istisna olmaqla) “Bir kəmər–bir yol” təşəbbüsü çərçivəsində investisiyalar 575 milyard ABŞ dolları təşkil edir.
Qeyd etdiyimiz kimi, respublikamızın ərazisindən Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq səviyyəli marşrutlar keçir. Bu, Orta Dəhlizdə Azərbaycanın önəmini artıran amillərdən biridir. Orta Dəhliz marşrutu ilə respublikamıza çatan yüklər buradan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinə inteqrasiya edilmiş yollarla daşına bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram