Müəllif:Ayşən İmanova/Banco.az
Amerikanın “OpenAI” şirkəti real vaxt rejimində səs, təsvir və mətni təhlil edə bilən “GPT-4o” süni intellekt modelini təqdim edib.
Banco.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
Tərtibatçıların verdiyi məlumata görə, “GPT-4o” modelinin adındakı "o" "omni" mənasını verir və “GPT-4o”nun multimodal olduğunu bildirən "hərtərəfli" kimi tərcümə olunur. Süni intellekt modeli şəkillər və mətn, həmçinin audio və səslə işləmək üçün təkmilləşdirilmiş imkanlara malikdir. Bundan əlavə, “GPT-4o” 128 min tokendən ibarət kontekst pəncərəsinə sahibdir.
Şirkətin texniki direktoru Mira Muratinin sözlərinə görə, “GPT-4o” səsə orta hesabla 320 millisaniyədə cavab verir ki, bu da söhbət zamanı insanın reaksiya müddəti ilə müqayisə oluna bilər. Yeni modelin 50 dildə sərbəst danışdığı bildirilir.
Qeyd edək ki, “GPT-4o” əvvəlki versiyanın bütün istifadəçiləri, o cümlədən xidmətdən istifadə etmək üçün abunə haqqı ödəməyənlər üçün əlçatan olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!