İcbari Sığorta Bürosu (İSB) yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin üzvlərinin həlak olması faktı ilə əlaqədar 15 min manat məbləğində kompensasiya ödəyib. Bu barədə İSB-nin məlumatında deyilir.
Yol qəzası 2014-cü il iyulun 28-da Yevlax rayonu ərazisində baş verib. Kompensasiya ödənişinin ümumi məbləği 15 min manat təşkil edib (həlak olmuş hər şəxsə görə 5 min manat).
“Kompensasiyalar 2015-ci il yanvarın 7-də qeyri-nağd üsulla (poçt vasitəsilə) ödənilib”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, İSB 2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı zərərçəkmiş şəxslərə və həlak olanların ailələrinə ümumilikdə 220,676 min manat məbləğində 65 kompensasiya ödəyib.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. Hazırda 15 sığorta şirkəti büronun üzvüdür.
Büronun əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi, vasitəsilə bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir.
Büronun maliyyə resursları bir neçə mənbədən formalaşır. Birincisi, bu, büronun işə başlaması üçün sığortaçıların ödədiyi daxil olma haqqıdır. İkincisi, sığortaçılar sığorta şirkətinin məşğul olmaq istədiyi icbari sığortanın hər bir növü üzrə təminat depoziti hazırlamalıdırlar. Üçüncüsü, sığorta şirkətləri hər ay icbari növlər üzrə sığorta haqlarının ümumi məbləğinin 5%-ni büronun hesabına köçürməlidirlər.
Büronun təsisçisi və üzvü olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, bu halda hər növə görə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 200 min manat; sərnişinlərin icbari sığortası üzrə 200 min manat təşkil edir.