"Valyuta tənzimi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində valyuta və kapital hərəkəti əhəmiyyətli dərəcədə liberallaşdırılır.
Banco.az portalını "APA-Economics"ə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin iqtisadi-siyasət, sənaye və sahibkarlıq, eləcə də hüquq siyasəti komitəsinin birgə iclasında deyib.
Sədr bildirib ki, bu qanun layihəsi dünyanın bir çox ölkələrində tətbiq edilən təcrübədir. Qanun layihəsinin mahiyyəti barədə məlumat verən E. Rüstəmov bildirib ki, qanun layihəsi kapital və valyutanın hərəkətinin liberallaşdırılmasına əsaslanır. “Kapitalın və valyutanın hərəkətinin liberallaşdırılması o deməkdir ki, ölkəyə kapital axını liberallaşdırılır. Biz bir daha düşündük ki, kapital və valyuta hərəkətinə tam qadağa da qoymaq olardı. Bu, o demək idi ki, ölkəyə kapital axını da qəbul edilməsin. Sadəcə biz bu qanun layihəsinə görə, ölkədən kapital çıxarılmasına məsələsində yığım tətbiq etdik. Məsələn, bunlardan biri birbaşa xaricə investisiyalar, əmlakın alınması və xaricdə hesabların açılmasıdır. Bu qanun layihəsində valyuta və kapitalın hərəkətinə tam qadağa tətbiq edilməyib. Lakin insanlar təhsil, səhiyyə xərcləri ilə bağlı müvafiq sənədləri təqdim etməklə banklar tərəfindən bu proses tənzimlənəcək. Burada 20%-lik yığım tətbiq olunacaq. “Valyuta tənzimi haqqında” qanun layihəsi valyuta və kapital hərəkətini tam qadağan etmir, sadəcə bu proseslər iqtisadi metodla tənzimlənir”, - deyə E. Rüstəmov qeyd edib.
Qeyd edək ki, sənədə təklif olunan dəyişikliyə əsasən, fiziki şəxsin özünün və (və ya yaxın qohumunun (əri (arvadı), valideynləri, o cümlədən ərinin (arvadının) valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları) adına xarici ölkədə açılmış hesablara 50 min ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə vəsaitin köçürülməsi üzrə - təqvim ili ərzində bundan artıq məbləğin 20%-i miqdarında icbari yığım tutulacaq. Burada fiziki şəxs tərəfindən həmin təqvim ili ərzində hesab açmadan xarici valyutada apardığı pul köçürməsi əməliyyatları da nəzərə alınacaq.