Rəsmi rəqəmlərə görə bugün Azərbaycanda 47 min işsiz var və onların əksəriyyəti diplomlu işsizlərdir, yəni həkimlər, müəllimlər hüquqşqnaslar. Halbuki onlara ehtiyac kifayət qədər böyükdür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi açıqlamasına görə, bu gün 13 min boş iş yeri sahibini gözləyir. Amma yüksək maaşla çalışmaq istəyənlər ya şəxsi tanışlıqlara, ya da özəl şirkətlərdə birbaşa axtarışlara üstünlük verir. Hazırda məşğulluq xidmətlərindən işsiz kimi qeydiyyatdan keçənlərin sayı 3 min nəfərə çatır. Onlara ayda 50 manat olmaqla işsizlik müavinəti verilir. Bunun üçünsə dövlət büdcəsindən ayda 150 min manat vəsait ayrılır. Xidmətlərdə təklif olunan vakansiyalar üzrə maaş ən azı 200 manatdan başlayır, amma yüksək maaşlar da var. Məsələn, banklar, xarici şirkətlər hətta 2500 manata qədər maaşı olan işlər təklif edir, amma onların tələblərinə cavab verən işçi tapmaq çətindir. Çünki yüksək peşəkarlıq lazımdır. Sahibkarlar diplomdan çox, təcrübəyə üstünlük verirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisi Vahab Məmmədov deyir ki, diplomluların sayı təxminən 60 faizdir, amma şəhərdə iş axtaran rayonda gedib işləmək istəmir.
"Xüsusilə kənd yerlərində müəllim və həkimlər çatışmadığı halda rayonlarda heç kəs işləmək istəmir. Rayonlardakı müəllimlər də Bakıda iş axtarir".
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, hal-hazırda Azərbaycanda işsizliyin səviyyəsi 5 faiz təşkil edir. Ekspretlər bu rəqəmlərin reallığı tam əks etdirmədiyini, işsizlərin sayının ən azı 250 min nəfərə çatdığını deyir.
İqtisadçı ekspert Oqtay Haqverdiyevin sözlərinə görə isə əhalinin böyük bir qrupu qeyri leqal işləyir və məşğulluq statistikası aparılmır. Bu isə vergidən yayınma halları deməkdir. Bu hal gələcəkdə onlar üçün pensiya problemlərinin yaranması ilə nəticələcək.
2015-ci ilədək ölkədə işsizlik səviyyəsinin 3-4 faizədək azaldılması məqsədilə xüsusi dövlət proqramı da hazırlanıb. Bundan başqa, işsizliyin ayrıca sığortalanması üçün yeni təkliflər hazırlanır. Yeni sistem məşğulluq sahəsində məlumat bazasının genişləndirilməsinə və elektron sistemin təkmilləşdirilməsinə kömək edəcək.
Mənbə: anspress.com