Müəllif: Gülnar Əhmədli, Banco.az
New York Fond Birjası (NYSE) dünyanın ən böyük fond birjalarından biridir və çoxsaylı iri beynəlxalq şirkətlərin səhmlərinin ticarət olunduğu platformadır.
Banco.az xəbər verir ki, 1792-ci ildə Wall Street-də yaradılan birja uzun illərdir qlobal maliyyə bazarının əsas mərkəzlərindən hesab olunur. NYSE-də listinq şirkətlər üçün nüfuz göstəricisi sayılır və investorlar tərəfindən etibarlı, şəffaf bazar kimi qiymətləndirilir.
NYSE-də necə səhm almaq olar?
NYSE-də investisiya etmək üçün əvvəlcə lisenziyalı broker və ya bank vasitəsilə investisiya hesabı açmaq lazımdır. Daha sonra bazarı və şirkətləri araşdıraraq investisiya strategiyası müəyyən edilir və seçilən səhmlər üçün alış əmri verilir. Uğurlu investisiya üçün bazarı mütəmadi izləmək və şirkətlərin maliyyə göstəricilərini təhlil etmək vacibdir.
Əsas addımlar:
- Etibarlı broker və ya bank seçin.
- İnvestisiya hesabı açın.
- Şirkətlər və bazar haqqında araşdırma aparın.
- Qısa və ya uzunmüddətli investisiya strategiyası müəyyən edin.
- Səhm alış əmri verin.
- Portfelinizi davamlı izləyərək strategiyanızı yeniləyin.
NYSE hansı günlər açıqdır?
NYSE bazar ertəsindən cümə gününə qədər fəaliyyət göstərir. Şənbə və bazar günləri, eləcə də ABŞ-ın rəsmi bayramlarında ticarət aparılmır.
NYSE hansı saatlarda işləyir?
Birjanın əsas ticarət sessiyası ABŞ Şərq vaxtı ilə 09:30–16:00 arasında keçirilir. Bundan əlavə, əsas sessiyadan əvvəl və sonra məhdud ticarət imkanları (pre-market və after-hours) da mövcuddur. Bayram və xüsusi günlərdə iş saatları dəyişə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!
