Müəllif:Ayşən İmanova/Banco.az
Qrafik prosessor istehsalçısı "Nvidia"nın qiymətli kağızlarının dəyəri daha 40% arta bilər.
Banco.az xəbər verir ki, bu barədə "MarketWatch" "Bank of America" analitiklərinin proqnozuna istinadən məlumat yayıb.
Hesablamalara görə, kotirovkaların hər lot üçün cari qiymətdən 190 dollara qədər böyümə potensialı var. 18 oktyabr cümə günü ticarət zamanı "Nvidia" səhmləri hər səhm üçün 138 dollar səviyyəsində bağlanıb.
Qeyd olunur ki, "Nvidia" 45%-dən 50%-ə qədər marja ilə sərbəst pul axını artırır. Eyni zamanda, "Möhtəşəm Yeddilik" (ABŞ-nin 7 böyük texnologiya şirkəti: “Microsoft”, “Apple”, “Nvidia”, “Amazon”, “Tesla, “Alphabet”, “Meta”) üçün orta göstərici 23%-25% təşkil edir.
Bu yaxınlarda "Nvidia" kapitallaşmasına görə "Microsoft"dan sonra dünyanın ən böyük şirkətləri arasında ikinci yeri tutub. Səhm qiyməti ilk dəfə 138 dollar həddini keçib. Nəticədə qrafik prosessor istehsalçısının bazar dəyəri 3,39 trilyon dollara çatıb.