Noyabrın 30-da Trans-Anadolu qaz boru kəməri istismara veriləcək | Banco.az

Noyabrın 30-da Trans-Anadolu qaz boru kəməri istismara veriləcək

Noyabrın 30-da Azərbaycandan Avropaya qaz nəql edəcək Trans-Anadolu qaz boru kəməri (TANAP) işə salınacaq. "APA -Economics"in "Daily Sabah"a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez deyib. Onun sözlərinə görə, TANAP "Türk axını" kəmərinin rəqibi sayılır: "TANAP ən vacib layihələrimizdən biridir. Kəməri noyabrın 30-da istifadəyə verməyi planlaşdırırıq ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iştirak edəcəklər".

Qeyd edək ki, "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Bu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra (2020-ci ildə), Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 1.850 km uzunluğa malik olacaq TANAP ildə 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan "Cənub Qaz Dəhlizi" QSC (51%), BOTAŞ (30%), BP (12%) və "SOCAR Türkiye Enerji A.Ş" (7%) şirkətləridir.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et