Nobel mükafatı laureatı “DeepMind”dan rəqibi “Anthropic”ə keçir | Banco.az

Nobel mükafatı laureatı “DeepMind”dan rəqibi “Anthropic”ə keçir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Nobel mükafatı laureatı Con Camper “DeepMind”dan rəqibi “Anthropic”ə keçir.

Banco.az xəbər verir ki, 2024-cü ildə kimya üzrə Nobel mükafatına layiq görülmüş kimyaçı və kompüter alimi Con Camper “Google DeepMind”da keçirdiyi 9 ildən sonra “Anthropic” şirkətinə qoşulacağını açıqlayıb.

O, “X” sosial şəbəkəsində paylaşdığı yazıda bildirib ki, “Google DeepMind”ın baş icraçı direktoru Demis Hassabis doktorluq dissertasiyasını tamamladıqdan cəmi altı ay sonra ona “AlphaFold” komandasına rəhbərlik etmək imkanı verməklə böyük risk edib.

Camper paylaşımında qeyd edib: “Bütün “Google DeepMind” komandası mənə yüksək səviyyəli elmi fəaliyyətin necə həyata keçirildiyini öyrətdi. “Google DeepMind” xüsusi bir yerdir və onların gələcəkdə hansı möhtəşəm yeniliklərə imza atacağını görmək üçün həyəcanlanıram”.

Camperin “Google”un proqramlaşdırma alətləri hazırlayan komandasının mühüm üzvlərindən biri olduğu və şirkətin həmin alətləri müəssisələrə satmaqda çətinlik çəkdiyi bildirilir. Bu həftə “Character AI” şirkətinin həmtəsisçisi Noam Şazir də “DeepMind”dən ayrıldığını açıqlayıb. Lakin Şazir fəaliyyətini “OpenAI”da davam etdirəcək.

Con Camper 2024-cü ildə zülalların genetik ardıcıllıqlarına əsasən onların üçölçülü quruluşunu proqnozlaşdıra bilən “AlphaFold” adlı süni intellekt modeli üzərində apardığı işlərə görə Nobel mükafatına layiq görülüb.

“Nature's 10” elmi nəşri 2021-ci ildə Camperi elm sahəsində mühüm təsir göstərən on nəfərdən biri elan edib. Həmin il o, biologiya və biotibb sahəsində “BBVA Vəqfinin Biliyin Sərhədləri” mükafatına da layiq görülüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram