Nizamnamə kapitalı nədir? | Banco.az

Nizamnamə kapitalı nədir?

Müəllif: Xəyal İsmayılov

İqtisadi subyektlərin maliyyə vəziyyətləri barədə fikir formalaşdırmağa imkan verən ən vacib göstəricilərdən biri nizamnamə kapitalıdır.

İqtisadi subyektin sabit kapitalı olan nizamnamə kapitalının dəyişdirilməsi mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Nizamnamə kapitalı həm iqtisadi subyektin gəlir əldə etməsi üçün ilkin kapital, həm də iqtisadi subyekt müflis olduqda onun kreditorlarının maliyyə tələblərinin ödənilməsini təmin edən kapitaldır. Göründüyü kimi nizamnamə kapitalı iqtisadi subyektin həm maliyyə sabitliyinin və həm də onun normal inkişafının bir növ təminatçısı rolunu oynayır.

AR Mülki Məcəlləsinə əsasən nizamnamə kapitalı iqtisadi subyektin kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyələşdirir. Nizamnamə kapitalı AR Nazirlər Kabinetinin müəyyən etdiyi miqdardan az ola bilməz.

İqtisadi subyektin nizamnaməsinə qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər.

Bundan başqa qeyd edək ki, nizamnamə kapitalının həcmi iqtisadi subyektə investisiya qoymaq istəyən investorlar üçün də bu və ya digər dərəcədə qərar verilməsinə təsir edir.

Nizamnamə kapitalı ilə bağlı əsas problem nədir? Problemi sadə bir misalla izah edək:

Ən sərfəli kredit üçün müraciət et

Fərz edək ki, A müəssisəsinin nizamnamə kapitalına 100 000 manat pul vəsaiti, 100 000 manat dəyərində əmlak (70 000 manat dəyərində bina və 30 000 manat dəyərində isə avtomobil) qoyulub. Cari ildə 5% inflyasiya olduğunu fərz edək. Artıq 100 000 manat pul vəsaiti 5% inflyasiya nəticəsində öz alıcılıq qabiliyyətini azaltmışdır. 70 000 manat dəyərində olan binanın dəyəri bu və ya digər səbəblərdən asılı olaraq arta və ya azala bilər, o cümlədən də avtomobilin dəyəri. Əksər hallarda binalardan fərqli olaraq avtomobillərin dəyəri illər keçdikcə qiymətdən düşür. 

Binalarda isə fərqli hallar baş verə bilər. Yuxarıda qeyd etdiklərimizdən aydındır ki, nizamnamə kapitalı həm iqtisadi subyektin özü üçün, həm də kreditorları üçün çox böyük əhəmiyyət daşıyır. Buna baxmayaraq qanunvericilikdə nizamnamə kapitalına düzəlişlərin edilməsi nəzərdə tutulmamışdır.

Təklif edərdim ki, nizamnamə kapitalına qoyulan pul vəsaitləri hər il üçün indeksləşdirilsin. Müxtəlif dövrlərdə təsis edilən iqtisadi subyektlər üçün bu problemi aradan qaldırmaq üçün bir ili, məsələn bu yeni nəsil pul nişanlarının, yəni sonuncu denominasiya ilini bazis ili kimi götürərək problemi aradan qaldırmaq olar.

Əmlak qoyuluşlarında isə bu problemi hər il qiymətləndiricilər tərəfindən qiymətləndirilmələr aparmaqla nizamnamə kapitalında düzəlişlər edilə bilər ki, bu da mövcud problemlərin aradan qaldırılmasında qisməndə olsa kömək edə bilər.

Nizamnamə kapitalına hər il zəruri düzəlişlərin edilməsi fikrimcə, həm iqtisadi subyektin özü üçün, həm investorlar üçün, həm də kreditorlar üçün müsbət nəticələr verə bilər.