Niyə xarici turist cəlbində çətinlik yaşayırıq? | Banco.az

Niyə xarici turist cəlbində çətinlik yaşayırıq?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Bölgələrimiz turizm potensialını tam təqdim edə bilmirlər. Bu da xarici turist cəlbində bizə çətinliklər yaradır”. 

Bu fikri Banco.az-a açıqlamasında millət vəkili , iqtisadçı Vüqar Bayramov bildirib. O qeyd edib ki, Azərbaycana gələn turistlərin 80 faizindən çoxu Bakı şəhərinə üstünlük verirlər:

“Bu isə o deməkdir ki, ölkəyə gələn hər 100 turistdən cəmi 19-u Bakıdan kənara – rayonlara gedirlər. 2024-cü ilin ilk 9 ayında turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qəbələdir. Azərbaycana gələnlərin 4,7 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, turistlərin 4,3 faizi Qusarda , 3,7 faizi Naftalanda, 3,5 faizi Qubada, 0,6 faizi Şabranda, 2,2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalara üstünlük veriblər. Göründüyü kimi, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar”. 

Azərbaycana gələn turistlərin məhz Bakı şəhərinə üstünlük verməsinin səbəblərinə də toxunan millət vəkili vurğulayıb ki, paytaxt infrastrukturuna nəzər saldıqda bu normal qarşılana bilər:

“Amma aradakı fərqin böyük olması diqqəti çəkir. Keyfiyyətin standartlardan geri qaldığı halda , əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Bu da öz növbəsində turist axınına mənfi təsir göstərir”.

Millət vəkilinin açıqlamasına görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar- sentyabr ayları ilə müqayisədə 27,0 faiz artaraq 1 milyon 772 min olub:

“ Azərbaycanda hotellərə üstünlük verən əcnəbilər arasında Hindistan birincidir. Ümumi sayın 19,9 faizi Hindistan ,13,8 faizi Rusiya, 8,7 faizi Səudiyyə Ərəbistan, 7,0 faizi Türkiyə, 5,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,6 faizi ABŞ, 3,0 faizi Küveyt, 2,8 faizi Qazağıstan, 2,5 faizi İsrail, 2,5 faizi Böyük Britaniya, 2,4 faizi Pakistan, 2,2 faizi Özbəkistan, 2,1 faizi Çin, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 21,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşür. Bu müddətdə hotellərin gəlirləri 26,7 faiz artaraq 468,5 milyon manat olub. Hotellərin gəlirlərinin artmasına baxmayaraq yenə də əsas qazanc Bakı mehmanxanalarının payına düşür”,- deyə o əlavə edib.