Niyə varlı insanlar sadə geyimlərə üstünlük verirlər? | Banco.az

Niyə varlı insanlar sadə geyimlərə üstünlük verirlər?

Müəllif: Tamara Mustafayeva, Banco.az

İstədiyiniz hər şeyi ala biləcək qədər çox pulunuz olsa, nə edəcəyinizi heç düşünmüsünüzmü? Əgər milyonlarla, hətta milyardlarla dollarınız olsaydı, ehtimal ki, ömrünüzün axırına qədər işləmək məcburiyyətində olmazdınız. Ancaq bu qədər varlı olmaq üçün də çox işləmək lazımdır. İşin qəribə tərəfi odur ki, həqiqətən bu dərəcədə varlı olan insanlara uzaqdan tamaşa etdikdə heç də zəngin görünmürlər, əslində isə varlı görünmək üçün xüsusi səy göstərən insanlar o qədər də varlı olmurlar. Bəs, nə üçün milyonçular heç də zəngin görünmürlər?

Qərar verməklə məşğul olub vaxt itirməmək üçün

Qərar verməyə çalışarkən yorulduğunuzu heç hiss etmisinizmi? Ya da seçim müxtəlifliyi içərisindən birini seçməyə çalışarkən düzgün qərar vermə bacarığınızı itirib nə edəcəyinizi bilmədiyiniz anlar olubmu? Araşdırmalar göstərir ki, həqiqətən də qərar verməyə çalışarkən yorula, bu səbəbdən də səhv qərarlar verə bilərik. Bu mövzuya çıxışlarının birində toxunan “Zara” şirkətinin qurucusu Amancio Ortega belə demişdi: “Mənim müntəzəm olaraq bəyaz köynək, mavi jilet və boz şalvar geyinməyim diqqətinizi çəkmiş olar. Əslində bunun səbəbi odur ki, mən seçimləri azaltmağa çalışıram. Nə yediyim və ya nə geyindiyim haqqında düşünərək vaxt itirmək istəmirəm, çünki məhdud zamanım və qəbul etməli olduğum daha mühüm qərarlarım var.”

Vaxt qazanmaq üçün

Əgər dünyadakı ən populyar sosial media platforması siz qurmuş olsaydınız, yəqin ki, çoxdan milyonçu olmuşdunuz. Bəli, söhbət məhz Mark Zukerberqdən gedir. O, çox da uğurlu olmayan bir universitet tələbəsi ikən qurduğu sosial media platforması sayəsində bir anda milyarder iş adamına çevrildi. 

Əslində o, qarderobunun foto şəklini "Facebook"da paylaşmışdı. Şəkildə təkcə çoxlu boz rəngli futbolka görmək olurdu. Nə geyindiyiniz haqqında narahat olmamaq sizə düşündüyünüzdən daha çox vaxt qazandıra bilər. Bir milyarder üçün isə vaxt pul deməkdir. Araşdırmalara görə, insanın təkcə 33 dəst paltarı olmalıdır, bununla da o, nə geyinəcəyi haqqında narahatlıq duymadan vaxtını daha məhsuldar işlərə sərf edə bilər.

Yaddaşlara həkk olunan bir imic yaratmaq üçün

Ən sərfəli kredit üçün müraciət et

Stiv Cobs dünyadakı ən populyar və ən dəyərli texnologiya şirkətlərindən birinin qurucusudur. “Apple” şirkətini bu qədər məşhurlaşdıran amillər arasında keyfiyyətli məhsullar istehsal etməsi və təqdim etdiyi müştəri xidmətləri qədər Stiv Cobsun da olduğunu söyləsək, bizcə, səhv etmiş sayılmarıq.

Cobsun özünəməxsus bir tərzi var idi. Həmişə qara vodolaska və mavi cins şalvar geyinən Cobsu insanlar bu paltarlarla tanıyırdılar. Tanınması asan olan bu tərzi yamsılamaq da bahalı deyildi. Öz tərzini yaratmaq təkcə məşhur müğənnilər və modellər üçün deyil, eyni zamanda milyarderlər üçün də vacib məsələdir.

Pulunuzu xərcləmək üçün daha yaxşı seçimləriniz var

Bugünkü milyarderlərin çoxu doğulduqda bu qədər varlı deyildilər. Hər nə qədər bəziləri varlı ailələrdən gəlmiş olsalar da, heç biri hazırkı mövqelərini pullarını geyim əşyalarına xərcləyərək əldə etməyiblər. Aparılan araşdırmalara görə, orta gəlirli bir ailə illik qazancının təqribən 4%-ni geyimə xərcləyir. İndi isə Bill Qeyts, Mark Zuckerberg və ya Stiv Cobs kimi şəxslərin illik qazanclarının 4%-ni geyimə sərf etdiyini düşünün. Bu isə milyon dollarlar deməkdir. Bir milyonçunun varlı olduqdan sonra belə qalmasının səbəblərindən biri də qazandığı pulu hara xərcləyəcəyini bilməsidir. Burada hara dedikdə isə təbii ki, özünü və ya işini təkmilləşdirəcək və ya ona daha çox pul qazandıracaq seçimlər nəzərdə tutulur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram