Niyə bəzi ölkələr smartfonları qadağan edir? | Banco.az

Niyə bəzi ölkələr smartfonları qadağan edir?

Belarus Prezidenti Aleksandr Lukaşenko əhalini ABŞ nəzarətindən yayınmaq üçün köhnə düyməli telefonlardan istifadəyə çağırıb.

Maraqlıdır, bu çağırışa səbəb smartfonların təhlükəsizliklə bağlı hansı çatışmazlıqlarıdır? Funksionallıq baxımından onlardan xeyli geri qalan sadə telefonlar bu təhlükəsizlik tələblərini necə ödəyə bilirlər?

Mövzu ilə bağlı danışan informasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərid Zeynalov bildirib ki, bu tövsiyədə söhbət bir telefonun təhlükəsizlik tədbirlərinin digərindən daha yüksək olmasından getmir: “Məsələ ondadır ki, smartfonların içərisindəki əməliyyat sistemləri daha mükəmməldir. Onlara müxtəlif proqramlar quraşdırmaq mümkündür, insanlar onlar vasitəsilə fərqli sosial şəbəkələrə daxil olur, müxtəlif dataların əldə edilməsinə razılıq verirlər. Onların GPS funksonallıqları var. Yəni, əməliyyat sistemləri smartfonlara bu imkanları qazandırır. Amma sadə, köhnə, ağ-qara ekranlı, düyməli telefonlara nə isə quraşdırmaq imkanı yoxdur. Bu telefonları izləmək üçün həmin dövlətin tərkibində olmaq lazımdır. Həmin ölkənin mobil operatorlarına giriş imkanı olmalıdır ki, köhnə telefonları izləmək olsun. Bu telefonlarda funsionalları izləmək mümkün deyil”.

Mütəxəssis, həmçinin vurğulayıb ki, ümumiyyətlə, tam təhlükəsiz cihaz mövcud deyil: “Sadəcə, düyməli telefonları fiziki olaraq daxildə, batareyanın yanında vasitə quraşdırmaqla izləmək mümkündür. Amma sisteminə müdaxilə çox çətin məsələdir. Dövrün kiber hücumlarının da köhnə telefonlara aidiyyəti yoxdur. Onlara yalnız simkart, operator səviyyəsində hücumlar təşkil oluna bilər”.

Qeyd edək ki, bir müddət öncə Malayziyada da məmur və dövlət adamlarına smartfonlardan istifadə qadağan olunub. Bəzi ölkələr isə smartfonlarda məhz müəyyən tətbiqlərin quraşdırılmasını qanunvericilik səviyyəsində qadağan edib.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram