Müəllif: Tamara Mustafayeva, Banco.az
Niderland hökuməti 2035-ci ilə qədər ölkənin cənub-qərbində iki yeni atom elektrik stansiyası tikməyi planlaşdırır.
Banco.az xəbər verir ki, ölkənin yerli mətbuat orqanlarında dərc olunan xəbərlərə görə, hökumət artan enerji ehtiyaclarını ödəmək və karbon qazı emissiyalarını azaltmaq üçün 2035-ci ilə qədər daha iki atom elektrik stansiyasını işə salmağı hədəfləyir.
Niderlandın cənub-qərbində yerləşən Borssele kəndində tikintisi nəzərdə tutulan sözügedən stansiyalar üçün ilkin mərhələdə 5 milyard avro büdcə ayrılıb, ancaq layihənin yekun dəyəri hələ ki, açıqlanmayıb.
2025-2028-ci illər arasında inşası planlaşdırılan atom elektrik stansiyalarının 2035-ci ildə istismara verilməsi gözlənilir.
Xatırladaq ki, Niderlanddakı ilk atom elektrik stansiyası 1969-cu ildə fəaliyyətə başlayan və 1997-ci ildə bağlanan “Dodewaard” AES idi. Hazırda yeganə aktiv atom elektrik stansiyası isə 1973-cü ildə yenə Borssele kəndində tikilib.
Bizi sosial şəbəkələrdən izləyin!!