Müəllif: Tamara Mustafayeva, Banco.az
"Netflix"in gəliri 2025-ci ilin son rübündə 17,6 faiz artıb.
Banco.az xəbər verir ki, qlobal internet televiziya platforması “Netflix”in gəlirləri ötən ilin son rübündə illik müqayisədə 17,6 faiz artaraq təxminən 12,1 milyard dollara çatıb.
“Netflix” 2025-ci ilin dördüncü rübü üzrə maliyyə hesabatını açıqlayıb. Məlumata görə, şirkətin həmin dövrdə əldə etdiyi gəlir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artaraq 12,1 milyard dollar təşkil edib. 2024-cü ilin eyni rübündə bu göstərici 10,2 milyard dollar səviyyəsində olub.
Şirkət bu artımın əsas səbəbləri kimi abunəçilərin sayının çoxalmasını, reklam gəlirlərindəki yüksəlişi və qiymət siyasətində edilən dəyişiklikləri göstərib.
“Netflix” 2026-cı ilin birinci rübü üçün gəlir gözləntisini təxminən 12,2 milyard dollar səviyyəsində açıqlayıb. 2025-ci il üzrə ümumi gəlir isə 45,2 milyard dollar olaraq hesablanıb.
Şirkətin xalis mənfəəti ötən ilin son rübündə illik müqayisədə 29,4 faiz artaraq 2,4 milyard dollara yüksəlib. 2024-cü ilin eyni dövründə “Netflix”in xalis mənfəəti 1,9 milyard dollar təşkil edib. Həmçinin, səhm başına düşən mənfəət 43 sentdən 56 sentə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
