"Netflix"də 1 gün ərzində izləyə biləcəyiniz ən yaxşı mini-seriallar | Banco.az

"Netflix"də 1 gün ərzində izləyə biləcəyiniz ən yaxşı mini-seriallar

Tamara Mustafayeva, Banco.az

Netflix platformasında yayımlanan mini-seriallar son zamanlar istifadəçilər tərəfindən olduqca rəğbət görür. Bunun əsas səbəblərindən biri məhz sözügedən yayımların qısa müddətli olması və bəzilərini bir gündə, bəzilərini isə hətta bir neçə saat ərzində izləyib bitirmə şansımızın olmasıdır. Əgər siz də bir neçə mövsüm davam edən və saysız-hesabsız seriya sayı ilə sizi usandıran seriallara alternativ axtarırsınızsa, bugünkü məqaləmizdə adlarını çəkəcəyimiz mini-seriallara şans verə bilərsiniz.

1.When They See Us (IMDb: 8,9)

Müddət: 1 mövsüm, 4 seriya; 1 seriya – 1 saat 13 dəqiqə

Janr: Bioqrafiya, Cinayət, Dram

Ölkə: ABŞ

Real həyat hekayəsi əsasında lentə alınan bu serial “Central Park Five” adı ilə tanınan beş gəncin törətmədikləri cinayətə görə ittiham edilməsindən bəhs edir.

Qeyd edək ki, serial Netflix mini-serial kateqoriyasında ən yüksək IMDb xalına sahib serialdır.

2. The Queen's Gambit (IMDb: 8,7)

Müddət: 1 mövsüm, 7 seriya; 1 seriya – 45 dəqiqə

Janr: Tarixi dram

Ölkə: ABŞ

İzləyən hər kəsi öz bacarığının arxasınca getməyə, xüsusən də şahmat oynamağı öyrənməyə həvəsləndirəcək serialda hadisələr Soyuq Müharibə dövrünün Amerikasında cərəyan edir. Anasını avtomobil qəzasında itirən Beth Harmon uşaq evinə göndərilir. Burada gizli şahmat bacarıqlarını kəşf edən Beth dövrün qanunları, zərərli vərdişləri və uşaqlıq travmaları ilə mübarizə apararkən şahmat dünyasında öz sözünü deməyə çalışacaq.

3. Love, Death & Robots (IMDb: 8,5)

Müddət: 2 mövsüm, 19 seriya; 1 seriya – 15 dəqiqə

Janr: Animasiya, Komediya, Elmi-fantastika

Ölkə: ABŞ

Animasiya sevənlərin böyük marağına səbəb olacaq serialın təqribən 15 dəqiqədən ibarət olan hər seriyası fərqli mövzunu əhatə edir. Tim Miller və David Fincher kimi tanınmış prodüserlərin imzasını daşıyan serialın janrı elmi-fantastikadan komediyaya, fantastikadan qorxuya doğru geniş çeşidliliyi ilə seçilir.

4. Godless (IMDb: 8,3)

Müddət: 1 mövsüm, 7 seriya; 1 seriya – 64 dəqiqə

Janr: Dram

Ölkə: ABŞ

1880-ci illərdə Qərbi Amerikada dəşhət saçan cinayətkar Frank Griffin keçmiş müttəfiqi və sonradan düşməninə çevrilən Roy Gode adlı bir nəfərin izinə düşür. Bu əsnada hər ikisinin yolu “La Belle” adlı sadəcə qadınların yaşadığı qəsəbədən keçir.

5. Unorthodox (IMDb: 8,0)

Müddət: 1 mövsüm, 4 seriya; 1 seriya – 53 dəqiqə

Janr: Dram

Ölkə: ABŞ, Almaniya

Serial Esty adlı yəhudi gənc qızın sərt qayda-qanunların hökm sürdüyü yaşadığı cəmiyyətdən qaçışından bəhs edir. Bu vaxta qədər tək başına heç bir addım atmamış bir insanın başqa ölkədə necə yalnız yaşaya biləcəyi sizi maraqlandırırsa, mütləq Unorthodox serialını izləyin.

Ən sərfəli kredit üçün müraciət et

6. The Spy (IMDb: 7, 9)

Müddət: 1 mövsüm, 4 seriya; 1 seriya – 53 dəqiqə

Janr: Dram

Ölkə: ABŞ

Serial 1960-cı illərdə İsrailin ən tanınmış agentlərindən biri olan Eli Cohen-in hekayəsindən bəhs edir. Suriyada İsrail tərəfdən casusluq edən Cohen yeni tapşırıq səbəbilə Şam şəhərində yaşamağa başlayır. O, qısa müddət ərzində Suriyanın tanınmış ailələrində yüksək rəğbət görür və bununla da dövrün siyasi mənzərəsinin formalaşmasında əsaslı rol oynayır.

7. Alias Grace (IMDb: 7,8)

Müddət: 1 mövsüm, 6 seriya; 1 seriya – 44 dəqiqə

Janr: Bioqrafiya, Cinayət, Dram

Ölkə: Kanada

Grace Marks İrlandiyadan Kanadaya köçür və Thomas Kinnear adlı bir şəxsin evində xadimə işləməyə başlayır. İşə başladıqdan bir müddət sonra bir nəfərin köməyi ilə evin sahibini və köməkçisini öldürməkdə ittiham edilir. Haqqında hökm verilən Grace 16 yaşında olduğu üçün ömürlük həbs cəzası alır. Onun hadisənin baş verdiyi günlə bağlı heç nə xatırlamaması insanları iki qrupa ayırır. Gənc qızın yaddaşını geri qaytarmaq üçün Amerikanın tanınmış psixoloqlarından biri olan Dr. Simon Jordan onunla işləməyə başlayır.

8. The English Game (IMDb: 7,6)

Müddət: 1 mövsüm, 6 seriya; 1 seriya – 45 dəqiqə

Janr: Dram, Tarix, İdman

Ölkə: Birləşmiş Krallıq

1880-ci illərdə İngiltərədə futbol sinfi idman növü sayılırdı. Varlılar liqaya rəhbərlik edir, fəhlə sinfinə çətinlik yaradırdılar. Ancaq təsəvvür edə bilməyəcəkləri bir hadisə baş verir, işçilər futbolda sözün əsl mənasında inqilab edirlər. Serial müasir futbolun köklərini tamaşaçılara təqdim edir.

9. Self Made: Inspired by the Life of Madam C.J. Walker (IMDb: 7,3)

Müddət: 1 mövsüm, 4 seriya; 1 seriya – 47 dəqiqə

Janr: Dram

Ölkə: ABŞ

Serial Amerikada ilk dəfə imperatorluq yaratmış milyonçu qadın Madam C.J. Walker barəsindədir. Əsl adı Sarah Breedlove olan bu qadın 1867-ci ildə dünya gəlib. Sahibkar və aktivist olan Walker həmçinin olduqca xeyirxah insan olub. İlham verici hekayəyə sahib bu serialın hər səhnəsi tamaşaçılara inam və ümid aşılayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et