Neftin qiymətini aşağı salan AMİLLƏR | Banco.az

Neftin qiymətini aşağı salan AMİLLƏR

Son günlər neftin qiymətlərində yenidən azalmalar müşahidə olunur. Belə ki, son bir neçə gündə London birjalarında  qiymətlər yenidən 71 dollaradək aşağı düşüb. Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev hesab edir ki, neftin qiymətindəki enmələr mövsümi xarakter daşıyır və tələbatın aşağı düşməsi ilə əlaqədardır: “Qarşıdakı aylarda ABŞ və digər neftə tələbatı olan ölkələrin mövcud neft emalı zavodlarının əksəriyyəti texniki baxışa dayanacaq. Bu isə o deməkdir ki, neftə olan tələbat bir qədər də aşağı düşəcək. Digər tərəfdən, neftin qiymətini ilin sonunadək təsir altına alan əsas amillərdən biri də Çin və ABŞ arasındakı tarif və ticarət müharibəsidir. Eyni zamanda, qiymətlərin aşağı düşməsi ABŞ və Avropa dövlətləri arasında Trans-Atlantik sazişinin şərtlərinə müəyyən dəyişikliklərin edilməsi ilə bağlıdır. Bütün bu proseslərin fonunda neftin qiymətinin enməsində kəskin enmələr müşahidə olunur. ABŞ və Çin arasındakı münasibətlər bir qədər də gərginləşərsə, dünyanın ən böyük neft tədarük edən dövlətində iqtisadi vəziyyət bir az da gərginləşəcək. Belə olan təqdirdə Asiya, Sakit okean regionunda neftə olan tələbat bir qədər aşağı düşəcək”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert bildirdi ki, yaxın zamanlarda qiymətlərdə kəskin artım ehtimal edilmir: “Göründüyü kimi qiymətlərin aşağı düşməsinə eyni zamanda bir neçə amil təsir edir. Tələbatdan artıq neft həcmləri bazara daxil olduğu zaman, qiymətlər kəskin şəkildə aşağı enir. Hesab edirəm ki, ilin sonunadək qiymətlərdə kəskin sıçrayışlar olmayacaq. İrana tətbiq edilən sanksiyalar noyabr ayından sonra daha da sərtləşəcək. Belə bir şəraitdə İranın müştəri bazarları uğrunda böyük rəqabət başlayacaq. Qiymətlər yalnız Yaxın Şərqdə geosiyasi vəziyyətdən asılı olaraq arta bilər. Yalnız bu halda qiymətlərdə kəskin artımlar gözlənilə bilər”.

Şəbnəm Mehdizadə, banco.az