"Neftin qiyməti müqayisəli şəkildə hazırda yüksək olsa da stabil deyil" | Banco.az

"Neftin qiyməti müqayisəli şəkildə hazırda yüksək olsa da stabil deyil"

Brent markalı neftin qiyməti artıq 75 dollardan aşağı təklif edilir. Son 5 gündə dünya bazarında neftin qiyməti 6 faizə yaxın ucuzlaşıb. Neftin dünya bazar qiymətində azalmalar bir sıra iqtisadi və eləcə də siyasi səbəblər ilə bağlıdır. Vüqar Bayramov qeyd edir ki, ticarət müharibəsi Çində neftə olan tələbi azaldır. Ötən ay gündəlik 8.36 milyon barel neft idxal edən Çində idxal əvvəlki ay ilə müqayisədə 9.0 faiz aşağı düşüb. May ayında Çinin idxalı 9.2 milyon barel olmuşdu. Bu eyni zamanda 2017-ci ilin iyun ilə müqayisədə də aşağı göstəricidir. Bir il öncə Asiyanın iqtisadi nəhəngi gündəlil 8.8 milyon barel neft idxal etmişdi. Çində tətbiq edilən yeni vergi sistemi də sözügedən ölkənin idxalına təsir göstərməkdədir.

İkincisi, ABŞ-da neft hasilatı artmaqda davam edir. İyun ayında ABŞ gündəlik 10.8 milyon barel neft hasil edib ki, bu da 2005-ci ildən sonra ən yüksək göstərici hesab olunur. İyulun ilk həftəsində ABŞ-da gündəlik neft idxalı 1.67 milyon barel azalıb və eyni zamanda ixrac 3 milyon barellik rekorda çatıb. Üçüncüsü, yaxın şərq ölkələrində hasilatın yenidən artımı müşahidə edilir və bu da bazara təsir göstərməkdədir. Səudiyyə Ərəbistanı hasilatda rekordu təzələməkdədir.

Ən sərfəli kredit üçün müraciət et

Dördüncüsü, ötən həftə Ağ Ev İran məsələsində daha yumşaq mövqe nümayiş etdirdi. Belə ki, əvvəlki açıqlamalarında bu ilin noyabrınadək İran ilə neft ticarətini dayandırmayacaq bütün ölkələrə sanksiya tətbiq edəcəyini bəyan edən rəsmi Vaşinqton bu məsələdə istisnaların olacağını bildirdi. Yəni İran ilə neft ticarəti edəcək heç də bütün ölkələrə sanksiyalar tətbiq olunmayacaq. Bu isə neft bazarındakı siyasi gərginliyi müəyyən qədər yumşaltdı. Bu arada Rusiya İranın enerji sektoruna yaxın illərdə 50 milyard dollara yaxın sərmayə yönəltmək istədiyini bəyan edib. Tramp isə yenidən böyük həriflər ilə “neftin qiymətinin aşağı salınmalıdır” twitini atıb.

Göründüyü kimi, neftin qiyməti müqayisəli şəkildə hazırda yüksək olsa da stabil deyil. Əslində siyasi müdaxilələr olmazsa bazar tarazlığı hər barel üçün 60 dollar ətrafında bərqərar olmalıdır. Buna görə də, iqtisadiyyatın diversifikasiyası və neftdən asılılığın aradan qaldırılması iqtisadi siyasətin əsas prioriteti olaraq qalmalıdır. Azərbaycan mərhələli şəkildə ixracatda və eləcə də büdcə gəlirlərində formalaşmasında neftin payının azalmasına nail olmalıdır ki, xarici faktorlarının təsirlərini minimumlaşdırmaq mümkün olsun.