Neft qiymətləri, Prezident Donald Trampın Səudiyyə Ərəbistanının hasilatı azaltmaq planını tənqid etməsindən sonra daha da düşüb. Neft artıq 13 –cü gündür ki, ucuzlaşır.
Banco.az xarici mətbuata istinadla bildirir ki, neftin qiyməti çərşənbə axşamı Amerika prezidenti Donald Trampın Səudiyyə Ərəbistanın hasilatı azaltmaq planlarını tənqid etməsinin ardınca 7% - ə qədər aşağı düşüb.
Analitiklər bu vəziyyətdə neftin bir barelinin qiymətinin 50 dollara qədər enəcəyini proqnozlaşdırırlar.
Neftin qiyməti son bir neçə ay ərzindəki ən pis satış nəticəsindən sonra hazırda təzyiq altındadır və tələbin qarşılanması ilə bağlı qlobal narahatlıqlar investorları narahat edir.
Bakı vaxtı ilə təqribən 12:50 – də WTI markalı neftin dekabr fyuçersi 0.3% azalaraq bir bareli 55.49 dollara çatıb. “Brent” markalı neftin fyuçersi isə 0.1% düşərək bir bareli 65.44 dollar olub ki, bu da ciddi narahatlıq yaradacaq göstəricidir.
Onu da qeyd edək ki, çərşənbə axşamı baş verən ucuzlaşma Donald Trampın Səudiyyə Ərəbistanın energetika naziri Xalid Al-Falihin krallığın neftin hasilatını təqribən 500 min barel azaldacağına dair bəyanatının ardınca “Twitter” vasitəsilə verdiyi açıqlamadan sonra baş verib, açıqlamada Tramp Səudiyyə Ərəbistanını hasilatı azaltmamağa çağırırdı.
Tamara Mustafayeva, Banco.az