Next İxrac Edən Ölkələr Birliyinin (OPEC) hasilatın artırılması ilə bağlı gözləntiləri qarşılaya bilməməsinin ardınca neftin qiyməti 2 ayın zirvəsinə çıxıb.
Neftin qiyməti OPEC və şəriklərinin hasilat artımının çox təcili olmadığını bildirmələri və ABŞ – ın qiymət artımını dayandırma təzyiqinə baxmayaraq əlavə neft hasilatı təşəbbüsünü həyata keçirməmələrindən sonra iki ayın ən yüksək səviyyəsinə yaxınlaşıb.
Nyu-York əmtəə birjasında neftin fyuçersi 1.2 faiz yüksəlib. Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və şərikləri hasilatı yalnız istehlakçılar tələb etdiyi təqdirdə artıracaqlarını qeyd edərək, ABŞ prezidenti Donald Trampın qiymətləri aşağı salmaq üçün cəld hərəkət etmələri istiqamətindəki çağırışına zəif reaksiya verib. ABŞ xam neft hasilatındakı artımın zəifləməsinə dair işarələr də qiymətlərin artmasına səbəb olub.
Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin noyabr fyuçersi 88 sent artaraq bir bareli 71.54 dollara çatıb.
ICE Futures London birjasında “Brent” markalı neftin noyabr fyuçersi isə 97 sent yüksələrək bir bareli 79.77 dollar olub.
Tamara Mustafayeva, Banco.az