Müəllif: Gülnar Əhmədli, Banco.az
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 132 dolları ötüb. Neft qiymətləri bahalaşmaqda davam edir. "Brent" markalı neftin qiyməti isə 102 dolları ötüb. Bahalaşma Azərbaycana nə qazandırır?
İqtisadçı Xalid Kərimli Banco.az-a bildirib ki, mart ayında neft qiymətləri Azərbaycanın büdcədə nəzərdə tutduğu 65 dollardan təqribən 40 dollar daha yüksək (təqribən 105 dollar) olub:
"Azərbaycanın gündəlik neft ixracı təqribən 450 min bareldir. Sadə hesablamalarla baxsaq, gündəlik 450 min barel neft ixracından Azərbaycana təqribən 18 milyon dollar əlavə vəsait daxil olur. Aylıq isə bu rəqəm təqribən 540-550 milyon dollar təşkil edir.
Yəni neftin bahalaşması, Yaxın Şərqdəki müharibələr fonunda Azərbaycanın neft ixracından gəlirlərinin təqribən yarım milyard dollar daha yüksək olmasına gətirib çıxarır.
Maliyyə Nazirliyinin dövlət büdcəsi haqqında sənədlərindəki hesablamalara görə, neftin orta illik qiymətinin 10 dollar daha yüksək olması ölkəyə təqribən 2,2 milyard manat əlavə fayda verir. Bunun 1,8 milyard manatı Neft Fondunun gəlirlərini artırır. Təqribən 400 milyon manatı isə dövlət büdcəsinin vergi gəlirlərini yüksəldir.
Təbii ki, neftin qiymətinin yüksək olması ölkənin tədiyyə balansına, ümumi gəlirlərinə və ixrac gəlirlərinə müsbət təsir göstərir".
%20(1).jpg)
X. Kərimli qeyd edib ki, bundan başqa, mövcud proseslər fonunda neftin daha da bahalaşacağına dair proqnozlar var: "Neftin qiymətinin təqribən 150 dollara, bəzi proqnozlara görə isə 200 dollara qədər yüksəlmə riski mövcuddur.
Bu məsələlər əsasən Amerika-İran müharibəsinin sonrakı eskalasiyasından və Hörmüz boğazındakı vəziyyətdən asılıdır. Əgər Hörmüz boğazı sürətlə açılarsa, neft qiymətlərinin kəskin ucuzlaşması da mümkündür.
Amma istənilən halda, həm Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın neft ixracına vurulan zərbə, həm də Fars körfəzindəki neft-qaz infrastrukturuna vurulan zərbələr səbəbindən neft qiymətləri bir müddət yüksək qalacaq. Çünki neft emalı zavodlarına vurulan zərərlərin nəticələrini qısa müddətdə aradan qaldırmaq mümkün deyil.
Ümumilikdə, 2026-cı ildə neft qiymətlərinin yüksək qalacağı gözlənilir. Hətta müharibə tez başa çatsa belə, vurulan zərərlərin aradan qaldırılması vaxt tələb edəcək".
Bizi sosial şəbəkələrdən izləyin!!
